ABŞ-nin Nyu-York şəhərində yerləşən və dünyanın ən məşhur məkanlarından biri olan Tayms meydanında silahlı insident baş verib. “Qafqazinfo”nun məlumatına görə, iki naməlum şəxs meydanda atəş açıb. Hadisə zamanı ərazidə olan yüzlərlə insan panikaya düşərək güllələrdən qorunmaq üçün mağazalara və yaxınlıqdakı küçələrə qaçıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə atəş səslərindən sonra meydanda yaranan xaos və insanların təşviş içində hadisə yerindən uzaqlaşmağa çalışdığı əks olunub. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Hüquq-mühafizə orqanları Tayms meydanını mühasirəyə alaraq genişmiqyaslı əməliyyata başlayıb. Hazırda silahlı şəxslərin saxlanılması istiqamətində əməliyyat davam edir. Polis insidentin təfərrüatını araşdırır.