Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmək üçün iyunun 14-də bu ölkənin Dilican şəhərinə səfər etməsi Ermənistan mətbuatında müzakirə olunmaqdadır. “Qafqazinfo” xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri H.Hacıyevin 1992-1994-cü illər müharibəsindən sonra Dilicana səfər edən ilk yüksəkvəzifəli Azərbaycan rəsmisi olmadığını yazıb. Nəşr Dilicana ilk səfər edən yüksəkvəzifəli Azərbaycan rəsmisinin keçmiş təhsil naziri Misir Mərdanov olduğunu xatırladıb. Qəzet M.Mərdanovun 1946-cı il oktyabrın 3-də Dilican rayonunun Göyərçin kəndində anadan olduğunu, 1950-ci illərdə bu kəndin ləğv olunduğunu, sakinlərinin isə Dilican icmasının Salah kəndinə köçürüldüyünü yazıb. Bildirilir ki, Misir Mərdanov təhsil naziri vəzifəsində çalışarkən beynəlxalq elmi konfransda iştirak etmək üçün İrəvana səfər edib və burada olarkən doğma evini ziyarət etmək istəyini ifadə edib. Onun arzusu yerinə yetirilib və nazir Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə doğma kəndinə gedib. Onunla birlikdə rusca danışan bir jurnalist olub və o, kəndi, məktəbi və Mərdanovların evini lentə alıb. Həmin vaxt Mərdanovların ata evində Azərbaycanın keçmiş Xanlar rayonundan (indiki Göygöl) Ermənistana köçmüş Qriqor Qabrielyan ad-soyadlı yaşlı erməni öz arvadı ilə yaşayıb. Misir Mərdanov həmin ailə ilə görüşüb, atası Cümeyil Mərdanovun xahişi ilə doğma həyətdən iki ovuc torpaq götürüb. Geri qayıdarkən Misir Mərdanov bir vaxtlar təhsil aldığı məktəbə də baş çəkib. Nəşr qeyd edir ki, Q.Qabrielyanın vəfatından sonra Mərdanovların evi iki dəfə satılıb. Evin hazırkı sahibləri ondan bağ evi kimi istifadə edirlər.