İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılıq əldə olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Spiegel” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ və Qətərin vasitəçiliyi ilə əldə olunmuş razılaşma artıq qüvvəyə minib. “Hizbullah”a yaxın mənbələr də jurnalın məlumatını təsdiqləyiblər. Eyni zamanda, İsrailin “N12” telekanalına danışan israilli rəsmi mənbə tərəflərin atəşkəsin qüvvəyə minməsi ilə bağlı razılığa gəldiyini təsdiqləyib: “Biz Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağıq. Əgər bizə hücum olunarsa, cavab verəcəyik”. Qeyd edək ki, bir qədər əvvəl İsveçrə Xarici İşlər Nazirliyi iyunun 19-da ölkədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv edildiyini açıqlamışdı. Ağ Evdən verilən bəyanatda ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyətinin uçuşa hazır olduğu, lakin danışıqların “logistikası” qeyri-müəyyən qaldığı üçün səfərin baş tutmadığı bildirilmişdi. CNN-in mənbəsi isə görüşün İsrailin Livana endirdiyi zərbələr səbəbindən ləğv edildiyini, İranın ABŞ-dən hərbi əməliyyatların dayandırılması ilə bağlı təminat tələb etdiyini idarə sürmüşdü.