ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corcia Meloni arasında yeni diplomatik gərginlik yaşanıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Trampın Meloni ilə bağlı səsləndirdiyi fikirlər olub. Məlumata görə, Tramp İtaliyanın “La7” telekanalına telefonla verdiyi qısa müsahibədə deyib ki, Meloni onunla şəkil çəkdirmək üçün yalvarıb: “Mənimlə şəkil çəkdirmək üçün yalvardı. Həqiqətən, mənimlə şəkil çəkdirmək istəyirdi. Şəkil çəkdirməzdim, amma ona yazığım gəldi”. ABŞ Prezidentinin bu açıqlaması İtaliyada ciddi narazılıq doğurub və iki ölkə arasında yeni diplomatik böhrana səbəb olub. Trampın açıqlamalarından qısa müddət sonra Baş nazir sosial media hesabında videomüraciət yayımlayaraq iddiaları qəti şəkildə təkzib edib. “Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Açığı, buna təəccüblənirəm. ABŞ Prezidentinin müttəfiqlərinə niyə belə davrandığını bilmirəm. Bu, ilk dəfə deyil. Mən və İtaliya heç vaxt dilənmirik”, – deyə Meloni bildirib. İtaliyanın xarici işlər naziri Antonio Tayani də Trampın açıqlamalarına etiraz olaraq iyunun 21-22-nə planlaşdırılan ABŞ səfərini ləğv etdiyini açıqlayıb. O, sosial şəbəkədə paylaşdığı bəyanatda Trampın Meloni barədə səsləndirdiyi fikirlərin bütün İtaliya xalqını incitdiyini vurğulayıb. Müdafiə naziri Quido Krosetto isə ABŞ Prezidentinin açıqlamalarını “heç kimə fayda verməyən yeni üslub səhvi” adlandıraraq bildirib ki, Meloni heç vaxt belə bir xahiş etməzdi. Qeyd edək ki, Tramp və Meloni arasında münasibətlər son aylarda artıq soyumuşdu. Buna Meloninin ABŞ hərbi təyyarələrinin Siciliyadakı Siqonella bazasından istifadəsinə icazə verməməsi, eləcə də, Trampın Vatikan rəhbəri Papa XIV Leoya yönəltdiyi tənqidlərə qarşı çıxması səbəb olub. Buna baxmayaraq, tərəflər iyunun 15-17-də Fransada keçirilən G7 sammiti çərçivəsində görüşmüş və münasibətlərdəki gərginliyin azaldığı düşünülürdü. Lakin Trampın son açıqlamaları bu mübahisəni yenidən alovlandırıb.