Beynəlxalq Olimpiya Komitəsi (BOK) London-2012 Yay Olimpiya Oyunlarında qadınların 800 metr məsafəyə qaçış yarışının nəticələrini yenidən nəzərdən keçirərək medal bölgüsündə dəyişiklik edib. “Qafqazinfo” xəbər verir ki, qərara əsasən, əvvəllər gümüş medalçı elan edilmiş Yekaterina Quliyevanın (keçmiş soyadı Poistoqova) nəticələri ləğv olunub və o, Olimpiya medalından məhrum edilib. Xatırladaq ki, London Olimpiadasında ilk olaraq qızıl medalı rusiyalı Mariya Savinova qazanmış, Cənubi Afrika Respublikası təmsilçisi Kaster Semenya ikinci, Yekaterina Poistoqova isə üçüncü yeri tutmuşdu. Lakin Savinova dopinq qaydalarını pozduğu üçün 2017-ci ildə qızıl medalından məhrum edildi. Bundan sonra qızıl medal Semenyaya verildi, Poistoqova isə gümüş medalçı elan olundu. Həmin il Poistoqova da dopinq pozuntularına görə iki il müddətinə diskvalifikasiya edilsə də, İdman Arbitraj Məhkəməsinin qərarı ilə Olimpiya medalını qoruyub saxlamışdı. Lakin 2024-cü ilin aprelində Rusiya Atletika Federasiyası Moskva Antidopinq Laboratoriyasının məlumatları əsasında idmançını yenidən cəzalandıraraq 2026-cı ilin martınadək diskvalifikasiya etdi. Onun əvvəlki nəticələri, o cümlədən London Olimpiadasında qazandığı gümüş medal da ləğv olundu. Quliyeva bu qərardan apellyasiya şikayəti versə də, müraciəti 2025-ci ilin mayında rədd edildi. Bundan sonra BOK yarışın yekun nəticələrini yenidən dəyişdirmək qərarına gəldi. Yeni qərara əsasən, London-2012 Olimpiadasında qadınların 800 metr məsafəyə qaçışında gümüş medal Keniyalı Pamela Celimoya, bürünc medal isə amerikalı Alisiya Montanoya təqdim ediləcək. Qeyd edək ki, Yekaterina Poistoqova 2019-cu ildə azərbaycanlı dünya çempionu Ramil Quliyevlə ailə qurub, daha sonra Türkiyə vətəndaşlığını qəbul edərək Quliyeva soyadını götürüb. O, 2021-ci ildən etibarən beynəlxalq arenada Türkiyəni təmsil edir.