Çin süni intellekt sahəsində yeni sıçrayışın astanasındadır AnalitikaSüni İntellekt (Aİ) 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Yeni model ABŞ ilə fərqi əhəmiyyətli dərəcədə azaldıb ABŞ-nin süni intellekt sahəsindəki üstünlüyü son bir ilin ən aşağı səviyyəsinə enib. 2025-ci ilin yanvarında Çin DeepSeek R1 modelini təqdim etməklə süni intellekt yarışındakı qüvvələr nisbətini kəskin şəkildə dəyişdi. Bu hadisə ABŞ kapital bazarlarında 1 trilyon dollarlıq itkiyə səbəb oldu. Çip istehsalçısı Nvidia-nın səhmləri müvəqqəti olaraq 17% ucuzlaşdı, Nasdaq indeksi isə bir gün ərzində 3.1% gerilədi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Amerikalı investorları narahat edən təkcə Çin süni intellektinin yüksək keyfiyyəti deyildi. Əsas diqqətçəkən məqamlardan biri də bu sistemin pulsuz təklif olunması idi. Lakin qısa müddət sonra yaranmış ajiotaj səngidi. O vaxtdan bəri dünya üzrə bazar qiymətləndirmələri getdikcə daha çox süni intellektin eyni zamanda həm inqilabi, həm də gəlirli texnologiyaya çevriləcəyi gözləntilərindən asılı olmağa başlayıb. İndi Çin laboratoriyaları model bazarında inhisar uğrunda mübarizədə amerikalı rəqiblərinə yenidən meydan oxuyurlar. İyunun 13-də Pekində yerləşən Zhipu, yaxud Z.ai laboratoriyası ən yeni GLM 5.2 sistemini təqdim edib və “qabaqcıl süni intellekti hamı üçün daha əlçatan etmək” vədini verib. Hazırda bu, Çinin ən güclü süni intellekt modelidir. Üstəlik, onun qiyməti Anthropic-in ən son Fable 5 modelinin dəyərinin onda birindən də azdır. Digər Çin modellərində olduğu kimi, GLM 5.2-nin işləməsini təmin edən parametrlər də açıq şəkildə dərc olunub. Son həftələrdə ABŞ şirkətləri süni intellektlə bağlı xərclərin kəskin artması ilə üzləşiblər. Bəzi hallarda bu xərclər bir əməkdaş üçün minlərlə dollara çatır. Bir sıra şirkətlər modelin emal etdiyi mətn fraqmentlərinin, yəni tokenlərin sayına limit tətbiq etməyə başlayıblar. İyunun 12-də isə Tramp administrasiyası xarici vətəndaşların Fable 5-dən istifadəsini qadağan edib. Bu qərar Anthropic-i bütün istifadəçilər üçün çıxışı məhdudlaşdırmağa məcbur edib. İlk dəfədir ki, qabaqcıl süni intellekt sistemindən istifadə etmək imkanı birbaşa ABŞ hökumətinin qərarından asılı vəziyyətə düşüb. Bu, istifadəçiləri alternativlər axtarmağa sövq edə bilər. Belə alternativlər arasında GLM 5.2 çoxlarının diqqətini cəlb edə bilər: model funksionaldır, qiymət baxımından əlçatandır və Tramp administrasiyasının təsir dairəsindən kənardadır. Əvvəlcə imkanlardan başlayaq. Artificial Analysis tədqiqat şirkəti GLM 5.2-ni bazardakı ən ağıllı açıq model adlandırıb. Ümumi reytinqdə model təsirli nəticə göstərərək dördüncü yeri tutub. O, OpenAI-ın ChatGPT 5.5 modelindən sonra qərarlaşıb, eyni zamanda Google-un Gemini botunu qabaqlayıb. Model bir çoxlarını təəccübləndirib. Hələ ilin əvvəlində Çin tərtibatçıları 2030-cu ilə qədər ABŞ modellərini üstələmək ehtimalına skeptik yanaşırdılar. Zhipu-nun elanından sonra İlon Mask özünün X sosial şəbəkəsində yazıb ki, Çinin gələn ilin əvvəlində hazırkı qabaqcıl səviyyəyə çatacağını gözləyir. “Bu, daha tez baş verəcək”, — Zhipu-nun həmtəsisçisi Tan Tsze cavab verib. DeepSeek-in təqdimatından fərqli olaraq, ABŞ bazarları hələlik GLM 5.2-yə zəif maraq göstərirlər. Bunun səbəblərindən biri Çin modellərinin imkanlarını obyektiv qiymətləndirməyin çətin olmasıdır. Artificial Analysis öz hesablamaları üçün GLM 5.2-ni onlarla bençmarkda sınaqdan keçirib. Bençmarklar modelin “intellektini” qiymətləndirən standartlaşdırılmış tapşırıqlardır. Məhsuldarlıq baxımından ABŞ, konkret olaraq Anthropic, üstünlüyünü qoruyur. Fable 5 bütün bençmarklar üzrə orta hesabla GLM 5.2-ni təxminən 17% üstələyir. Digər mühüm göstərici isə GLM 5.2-nin bu səviyyəyə nə qədər müddətdə çatmasıdır. Buna bənzər Qərb modeli fevralda, yəni təxminən dörd ay əvvəl təqdim olunmuşdu. Praktikada ABŞ-nin üstünlüyü, çox güman ki, dörd aydan daha böyükdür. Norveç Müdafiə Tədqiqatları İnstitutundan Havard Tveyt İlenin sözlərinə görə, əksəriyyəti Çin mənşəli olan açıq modellər qapalı testlərlə müqayisədə ictimai bençmarklarda daha yaxşı nəticə göstərirlər. İctimai testlərdəki suallar əvvəlcədən məlumdur. Qapalı qiymətləndirmələrin metodikası isə gizli saxlanılır. GLM 5.2 təqdim olunmazdan əvvəl yayımlanmış Havard Tveyt İlenin araşdırması göstərib ki, ictimai testlərdə Çin modelləri ABŞ modellərindən 4–6 ay geri qalırdı. Qapalı testlərdə isə fərq demək olar iki dəfə artır və 8–10 aya çatırdı. ABŞ hökumətinin may ayında apardığı araşdırma da oxşar nəticələr üzə çıxarıb. Doktor İle hesab edir ki, Çin laboratoriyaları bəlkə də özləri də fərqinə varmadan modelləri konkret testlərə uyğun “hazırlayırlar”. GLM 5.2 üzrə qapalı bençmarkların ilkin nəticələri də bu tendensiyanı təsdiqləyir. Model WeirdML testində yeddi ay geri qalır. WeirdML məntiqi düşüncə tələb edən qeyri-standart maşın öyrənməsi tapşırıqlarının həllini yoxlayır. SimpleBench testində isə GLM 5.2 bütöv bir il geri qalır. Bu test sağlam düşüncəni yoxlayır və modelləri qəsdən aldadıcı, çətin suallarla çaşdırmağa çalışır. Bununla belə, mənzərə həmişə birmənalı deyil. Artificial Analysis-in iyunun 19-da təqdim etdiyi yeni imtahan modellərin ofis əməkdaşlarının yerinə yetirdiyi tapşırıqları icra etmək qabiliyyətini yoxlayır. Buraya müxtəlif və nizamsız faylların çeşidlənməsi, ziddiyyətli məlumatların təhlili daxildir. GLM 5.2 bu testə xüsusi olaraq uyğunlaşdırıla bilməzdi. Buna baxmayaraq, model cəmi iki ay əvvəl təqdim olunmuş ChatGPT 5.5-i qabaqlayıb. Doktor İlenin sözlərinə görə, bu nəticələr ABŞ liderliyinin hələ də sabit olduğunu göstərir. Eyni zamanda onlar onu da sübut edir ki, fərq bəzi ekspertlərin gözlədiyi kimi artmır. GLM 5.2-nin adətən analoji modellər üçün çətinlik yaradan tapşırıqların öhdəsindən uğurla gəlməsi xüsusilə diqqətəlayiqdir. Çin modelləri ənənəvi olaraq dəqiq cavabları olan sahələrdə, məsələn, riyaziyyat və proqramlaşdırmada güclüdürlər. Amma onlar çox vaxt açıq tipli tapşırıqlarda və ya müstəqil qərar qəbul etməyi tələb edən hallarda geri qalırlar. Bu, Çin tədqiqatçılarının əsas problemlərindən birini əks etdirir. Qabaqcıl çiplərin ixracına qoyulan məhdudiyyətlər yerli laboratoriyaları ən güclü modelləri öyrətmək üçün lazım olan hesablama gücündən məhrum edib. Buna görə də Çin laboratoriyaları post-emala daha çox diqqət yetirirlər. Buraya modellərin konkret tapşırıqlara və ya problem növlərinə incə şəkildə uyğunlaşdırılması daxildir. Bu prosesdə bəzən ABŞ sistemlərindən “distillə” üsulu ilə əldə edildiyi ehtimal olunan məlumatlardan da istifadə olunur. DeepSeek v4 kimi Çin süni intellekt modelləri ilk baxışdan daha ucuz görünür. Məsələn, DeepSeek v4-də 1 milyon tokenin qiyməti cəmi 0.87 dollardır. ABŞ-nin Fable 5 modelində isə eyni həcmdə token üçün 50 dollar ödənilir. Lakin reallıqda qənaət həmişə göründüyü qədər böyük olmur. ABŞ-də Çin həllərinə tələbat artıq artır. Şirkətlər getdikcə daha çox DeepSeek-i seçirlər. Microsoft hətta bu modeli öz Copilot çat-botu üçün nəzərdən keçirir. Amma Çin süni intellektini birmənalı şəkildə ucuz hesab etmək səhvdir. Çin modelləri güclənsələr də, daha səmərəli olmurlar. Sorğuların emalı üçün onlara xeyli çox token lazımdır. Corciya Texnologiya İnstitutundan Du Çjen və həmmüəlliflərinin bu ay yenilənmiş araşdırması göstərib ki, DeepSeek eyni tapşırıqları yerinə yetirərkən müqayisəolunan nəticəyə çatmaq üçün OpenAI modelindən 23 dəfə çox token istifadə edib. Belə fərqlər səbəbindən modelləri bir tokenin qiymətinə görə deyil, istifadə olunan bütün tokenlərin ümumi dəyərinə görə müqayisə etmək lazımdır. Bu göstərici əsasında proqram təminatının test edilməsi üzrə bençmarkda GLM 5.2 Anthropic və OpenAI-ın rəqib sistemlərindən daha bahalı çıxıb. İmkanlar və qiymətlə yanaşı, süni intellekt istifadəçiləri üçün üçüncü əsas amil etibarlılıqdır. Zhipu öz modelini iyunun 13-də Pekin vaxtı ilə saat 17:21-də təqdim edib. Bu, Tramp administrasiyasının Anthropic-i Fable 5-dən xaricilərin istifadəsini qadağan etdiyi barədə məlumatlandırmasından düz 24 saat sonra baş verib. “Bizim prinsipimiz radikal açıqlıqdır”, — Tan bildirib. O, həmçinin Anthropic və ABŞ hökumətinin tətbiq etdiyi məhdudiyyətlər kimi “xarici məhdudiyyətləri” tənqid edib. Tanın sözlərinə görə, bu cür məhdudiyyətlər səbəbindən süni intellekt sistemləri “istənilən an bloklana bilər”. Çin modellərinin əksəriyyəti açıq kodla yayılır. Onları yükləmək və hökumətlərin, yaxud laboratoriyaların özlərinin təsir dairəsindən kənarda, yerli avadanlıqda işə salmaq mümkündür. Gələcəkdə ABŞ hökuməti ölkə daxilində Çin süni intellektindən istifadəni məhdudlaşdıra bilər. Konqresin iki komitəsi artıq ABŞ texnologiya şirkətlərinin Çin modellərindən istifadə edib-etmədiyini araşdırır. Çin laboratoriyalarının da etibarlılıqla bağlı problemləri var. Hesablama gücünün çatışmazlığı yüksək yüklənmə dövrlərində sistemlərin işində fasilələrə və ya yavaşımalara səbəb olur. Süni intellekt yarışı sürətləndikcə, dünya üzrə tənzimləyici qurumlar təhlükəsizlik sahəsində yeni çağırışlarla üzləşəcəklər. Hökumətlərin qəfil müdaxiləsi riski Sakit okeanın hər iki tərəfində arta bilər. Fable 5 Ağ Evin reaksiyasına səbəb olacaq qədər güclü modelə çevrilib. Çin modellərinin hələlik analoji tənzimləyici risklərlə qarşılaşmaması isə onu göstərir ki, Çin hökuməti onları müdaxilə tələb edəcək dərəcədə təhlükəli hesab etmir. Bəlkə də bu, Çin modellərinin hələ də rəqiblərindən geri qaldığını göstərən ən aydın işarədir. Son xəbərlər İnvestisiya Palladium fyuçerslərinin qiyməti 1 277,5 dollara yüksəlib 23/06/2026 Kripto valyutalar Bitcoin və Ethereum ucuzlaşır 23/06/2026 Qeyri-bank kredit təşkilatları 23/06/2026 İnvestisiya “SpaceX” səhmləri 16% ucuzlaşıb 23/06/2026 Digər xəbərlər İnvestisiya Palladium fyuçerslərinin qiyməti 1 277,5 dollara yüksəlib 23/06/2026 Kripto valyutalar Bitcoin və Ethereum ucuzlaşır 23/06/2026 Qeyri-bank kredit təşkilatları 23/06/2026 İnvestisiya “SpaceX” səhmləri 16% ucuzlaşıb 23/06/2026