Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. “Qafqazinfo” xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır. Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə reallaşır. Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi. Məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.