50 000, 22 000, 18 000 və ya 16 500 manat - bunlar elan saytlarında çoxmərtəbəli binaların zirzəmisində qaraj adı ilə satılan parklama yerlərinin qiymətidir. Üstəlik, bu yerlərin mülkiyyət sənədi də mövcud deyil. Bəs, hər kvadratmetri az qala, mənzillə eyni qiymətə təklif olunan belə yerlərin alqı-satqısı nə dərəcədə qanunidir? “Qafqazinfo” xəbər verir ki, bir çox hallarda binaların sözügedən hissəsi mühəndis-kommunikasiya təminatının (binaların istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) yerləşdirilməsi üçün nəzərdə tutulur. Qanunvericiliyə əsasən, mühəndis-kommunikasiya təminatı istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir. Ərazinin digər məqsədlərlə tutulması və ya bağlanması qəza və ya təmir zamanı əngəl də törədə bilər. Digər tərəfdən, Mənzil Məcəlləsinə görə, həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yəni, çoxmərtəbəli binadakı parklanma kimi istifadə edilən zirzəmilərin əraziləri həmin binadakı bütün mülkiyyətçilərə aiddir. Qanunla mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər. Bir şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Ən əsası isə binanın altında qeyri-yaşayış sahəsi, o cümlədən qaraj yeri binanın layihəsində nəzərdə tutulmalıdır. Elə qeyd edilən bütün bu amillərdən irəli gələrək təcrübədə bu cür qaraj yerlərinə görə çıxarış almaq asan olmur. Bu baxımdan qaraj adı altında parklama alarkən onun çıxarışının olması vacibdir. Əks təqdirdə, həmin yer binadakı digər sakinlərlə mübahisəyə səbəb ola bilər. Həmçinin belə yerlərin qanuni satışı da mümkün olmur. Bununla belə, təcrübədə çoxmənzilli binalarda mülkiyyət sənədi ilə satışa çıxarılan qaraj kimi təqdim edilən parklama yerləri də az deyil. Belə əmlakların qiyməti sənədsiz olanlarla müqayisədə daha yüksək olmaqla yerləşdiyi əraziyə görə dəyişir. Ancaq maraqlıdır ki, elan saytlarında çıxarışı olduğu göstərilən qaraj yerlərinin sırasında parklama yeri kimi layihələndirilən ərazilərlə yanaşı, bir çox hallarda mühəndis-kommunikasiya təminatının yerləşdiyi zirzəmi ərazilər də olur.