Fransa polisinin Parisdə narkotik əleyhinə keçirdiyi reyd zamanı Pablo Pikassoya məxsus oğurlanmış tablo aşkalanıb. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Mariya-Tereza Valterin portretləri seriyasından olan əsər təxminən 15 milyon avro dəyərində qiymətləndirilir. Narkotik ticarətində şübhəli bilinən şəxsin evində aparılmış axtarış zamanı tablodan başqa, təxminən 18 kq çətənə, 7000 avro (təxminən 14000 AZN) nağd pul və 200 min avro dəyərində lüks geyimlər aşkar edilib. Reyd zamanı ümumilikdə 6 nəfər saxlanılıb. Parisdə fəaliyyət göstərən qiymətli əşyaların saxlanması üzrə şirkətdə çalışan mühafizəçi oğurluğu etiraf edib. O bildirib ki, rəsmi oğurlamaqla “şirkətdəki təhlükəsizlik sisteminin çatışmazlıqlarını nümayiş etdirmək” istəyib. Qeyd edək ki, Pikasso Valterlə 1927-ci ildə tanış olub. Həmin vaxt rəssamın 45, qızın isə 17 yaşı olub. Gizli eşq macərası bir neçə il davam edib, 1935-ci ildə cütlüyün Maya adlı qızları dünyaya gəlib. Mariya-Tereza Valterin bu portreti hazırda Sinqapur vətəndaşına məxsusdur.