Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 22-26 iyun tarixində keçirilən yay sessiyasında Azərbaycana qarşı növbəti dəfə təxribat cəhdləri edildi. Təəccüblü deyil, çünki AŞPA Avropa təsisatları arasında ən çox korrupsiyalaşmış və lobbi maraqlarına xidmət edən əsas qurumlardan biri kimi anti-Azərbaycan mövqeyi ilə məşhurdur, hətta bu strukturda baş verənlər onun əsas missiyasının yalnız Bakıya qarşı qərəzli qərarlar qəbul etmək olduğu təəssüratını yaradır. Həmişə olduğu kimi, bu dəfə də AŞPA-da qondarma iddialarla Azərbaycanı hədəfə aldılar. Bu cəhdlərin təşəbbüskarları sifarişin erməni lobbisi və xaricdəki anti-Azərbaycan dairələrindən gəldiyini açıq şəkildə göstərir. Qondarma iddiaları gündəmə gətirən Frans Şvabenin adı Azərbaycan cəmiyyətinə tanışdır. Erməni lobbisi də daxil olmaqla anti-Azərbaycan dairələri AŞPA-da məhz Şvabe kimilər vasitəsilə öz maraqlarını gündəmə gətirir və Bakıya qarşı qərarlar, qətnamələr qəbul etdirməyə çalışırlar. Vaxtilə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) araşdırması AŞPA-da Azərbaycanla bağlı əsassız qərarların qəbul edilməsinin arxasındakı qüvvələri ifşa etmişdi. Anti-Azərbaycan qüvvələr və erməni lobbisinin bütün çılpaqlığı ilə ifşa olunduğu araşdırmada Şvabenin sifarişləri icra edən şəxs olduğu qeyd olunur. (https://www.esisc.org/upload/publications/analyses/11791/AC%2002.pdf). Şvabe yenə öz ampluasındadır. Onunla birlikdə qondarma mövzuları gündəmə gətirən AŞPA-nın hazırki sədri Petra Bayr da anti-Azərbaycan şəbəkəsinin fəallarından biridir. Siyasi karyerası boyunca qondarma “erməni soyqırımı”nın müdafiəçisi kimi çıxış edən Bayr 44 günlük Vətən müharibəsində və sonrasında erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana qarşı fəaliyyət göstərib. Bayr hazırda həbsdə olan müharibə cinayətləri sübuta yetirilmiş ermənilərin müdafiəçisi kimi çıxış edir, o cümlədən, Cənubi Qafqazda sülh prosesini pozmağa hesablanmış təxribatlar həyata keçirir. Bu təxribatların arxasında anti-sülh planları quran erməni diasporu/lobbisinin olduğu sirr deyil, çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, regionda sülhün bərqərar olması bu qüvvələrin münaqişə və ərazi iddiaları üzərində qurduqları ideoloji-siyasi maraqlarına ciddi zərbə endirib. AŞPA-nın yay sessiyasında anti-Azərbaycan kampaniyasının aparılması da bölgədə məhz rəsmi Bakının yaratdığı sülhə əsaslanan yeni reallığa qarşıdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini hələ də həzm edə bilmirlər. Lakin bu reallığı dəyişdirmək iqtidarında deyillər və Azərbaycan AŞPA-dakı təxribat cəhdlərinə “it hürər, karvan keçər” kontekstində yanaşır. AŞPA-da Şvabe və Bayr kimi lobbi xidmətçiləri müharibənin qalibi olan və Cənubi Qafqazı sülhə doğru aparan Azərbaycan karvanının arxasınca yalnız hürə bilərlər. Bu baxımdan, AŞPA-da növbəti qərəzli qərarlar/qətnamələrin qəbul edilməsi o qədər də maraqlı deyil. Maraqlı olan Bakıya qarşı əsassız hücumların edildiyi vaxt qardaş Türkiyənin AŞPA-dakı deputatlarından heç birinin səsini çıxarmaması, anti-Azərbaycan sürüsünə cavab verməməsi idi. Misal üçün, ukraynalı deputatlar Aleksey Qonçarenko və Tamila Taşeva bu haqsızlığa etiraz etdilər. Buna görə Azərbaycan xalqı onlara minnətdardır. Eyni minnətdarlığı qardaş hesab etdiyimiz türkiyəli deputatlara da duymaq istəyərdik. Amma və lakin... Türkiyə nümayəndə heyətinin rəhbəri, eyni zamanda, AŞPA sədrinin müavini olan Yıldırım Tuğrul Türkeş də daxil olmaqla hər biri səssiz qaldı. Türkiyə AŞPA-da 10-dan çox deputatla təmsil olunur, hamısı olmasa belə, bir neçəsi, ən azından biri Azərbaycana qarşı haqsızlığa səsini çıxara bilərdi. Təəssüf! Bu yanaşma nə qardaşlıq hüququna sığır, nə də Azərbaycanın Türkiyənin müdafiəsi məqsədilə həyata keçirdiyi diplomatiyaya adekvat deyil. Bütün dünya Prezident İlham Əliyevin tarixi “Türkiyə burada yoxdu, mən buradayam” sözlərini yaxşı xatırlayır. Azərbaycana qarşı haqsız hücumlara susan türkiyəli deputatlar bunu unudublarsa, yenidən xatırlada bilərik. Ermənistanın keçmiş prezidenti Avropa İttifaqının tribunasında Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddialarını səsləndirəndə, “sərhədləri bağlamaqda” ittiham edəndə Prezident İlham Əliyev onun cavabını verdi. Bəyan etdi ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək, Türkiyəyə yenidən hücum edir. “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Türkiyə burada yoxdursa, mən buradayam”, - deyən Azərbaycan lideri tutarlı cavabı ilə Ermənistan prezidentini yerində oturtdu. Azərbaycan diplomatiyası müxtəlif beynəlxalq platformalarda Türkiyənin maraqlarını məhz Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyinə uyğun şəkildə müdafiə edib, hər zaman “bir millət, iki dövlət” prinsipindən yanaşıb. Bu yanaşmanın sərgilənməsi Şuşa Bəyannaməsində də öz əksini tapır. 2021-ci ilin 15 iyununda imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə qeyd olunur: “Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər”. Azərbaycan müttəfiqlik münasibətlərinə də, qardaşlıq prinsiplərinə də sadiqdir. Türkiyənin adekvat mövqe sərgiləməsi haqqında isə eyni sözü demək çətindir, AŞPA-nın yay sessiyasında Azərbaycana hücumlar edilərkən, türkiyəli deputatların səssizliyi təəssüf ki, bu fikri bir qədər də gücləndirdi və suallar yaratdı. - Türkiyəli deputatların susqunluğunun səbəbi nədir? Bəlkə Ermənistanla münasibətlərin normallaşması siyasətinə xələl gətirməmək üçün səssiz qalıblar? Son dövrlər Türkiyədə media və siyasi dairələr tərəfindən Azərbaycan-Ermənistan danışıqları ilə bağlı səslənən fikirlər, xüsusilə Türkiyə-Ermənistan münasibətlərində Bakının maraqlarının nəzərə alınmaması haqda sərgilənən mövqelər belə şübhələr yaradır. Bəlkə də türkiyəli deputatlar təkcə buna görə yox, başqa səbəblərə görə də səslərini çıxartmadılar. Cavabsız suallar çoxdur, lakin məsələyə türkiyəli deputatların özlərinin münasibət bildirməsi, Azərbaycan ictimaiyyətində “qardaş xəyanəti” kimi qəbul edilən mövqelərinə aydınlıq gətirməsi daha yaxşı olardı. Çünki bu vəziyyət Azərbaycan xalqını narahat edir və AŞPA-da qardaş xəyanətinə uğradığımız haqqında düşüncələr yaradır.