Mənim düşüncəmə görə o, iki müharibə arasında körpü oldu. Biz birinci Qarabağ savaşından vətən müharibəsinə həm də onun səsinin üstündən keçib gələ bildik. Tanrı düşmən qarşısında əliyalın Azərbaycana bir silah, bir səs, o səsin içində bir fit göndərdi. “Oxuyun!” dedi. Şəhid olsaq da bu silah susmadı, elə hey yaylım atəşi kimi açıldı… “Müharibə bitdi, qalib gəldik, mənim işim başa çatdı”, deyir Şəmistan Əlizamanlı… Doğrudan başa çatıbmı, elədirsə, o deməkdir ki, daha müharibə olmayacaq?.. Müharibə olmayacaqsa, o səsə, o fitə də ehtiyac olmayacaq? Axi bir tərəfdən bütün dünya durmadan silahlanır. O zaman hansı missiyanın başa çatmağından danışmaq olar?.. Belə bir təlatüm içində Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı 26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində “Qafqazinfo”nun qonağı olub. O, xəbər portalının baş direktoru Elbrus Ərudla həmsöhbət olub, vətənpərvərlik mövzuları, I Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi ilə bağlı təəssüratlarını bölüşüb, eyni zamanda onu narahat edən məsələləri dilə gətirərək gələcək planlarından danışıb. Onunla müsahibəni təqdim edirik: