Açıq qalan sual: turizmdə hansı uğurumuz var? Elman Sadıqov 25/06/2026 Elman Sadıqov Paylaş FacebookXWhatsAppTelegram Ölkədə hər kəs danışır, bilən də, bilməyən də. İnsanın öz bilmədiyi, işləmədiyi sahə haqqında yanlış fikirlər səsləndirməsinə kəskin reaksiyalar vermək doğru olmaz. Adamı sadəcə bilmədiyi mövzu haqqında danışdığı üçün qınayarlar. Bir də var, insan bir sahə üzrə cavabdehdir, həmin sahənin başında durur, ölkə Prezidenti bu sahəni ona etibar edib və o müsahibəsində açıq-aydın mesaj verir ki, mən bu sahəni düşündüyünüz qədər dərin bilmirəm. Hər danışalana reaksiya verməyi özümə rəva bilməsəm də, turizm sahəsində Dövlət Turizm Agentliyi Sədrinin müsahibəsində qeyd etdiyi bir fikir bu sahədə data və təhlillərin, ümumiyyətlə bu sahə haqqında dərin biliklərin olmadığını göstərdi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sədr deyir ki, “Turizmdə uğur yalnız turist sayı ilə ölçülmür”. Sədr turizm haqqında nəsə oxuyub, amma yarımçıq oxuyub. Əvvəla, hər bir ölkənin öz turizm siyasəti, fəlsəfəsi, seqmenti olur. Bəzi ölkələr isə kütləvi turizm siyasəti yürüdürlər. Uzun olmaması üçün bu siyasətlərə baş vurmuram. Maraqlananlar internetdə 2015-2019-cu illərdə ölkəmizin turizm siyasəti, uğur və çatışmazlıqlar, ölçmə və analizlərin olmaması nəticəsində turizmdə geriləmə risklərinin olacağı (2018-də ARB24 kanalında çıxışımdan) və sair fikirlərimə nəzər sala, düşündüyüm fikir, ideya və təkliflərin bəziləri ilə tanış ola bilərlər. Cənab Sədr nə demək istəyib, amma əslində faktiki olaraq turizmdəki uğursuzluğu daha da qabardıb? Bəzi ölkələr turizm sahəsində təhlillər apararkən görürlər ki, onların ölkələrinə daha çox büdcə (qənaətcil) turistləri, inkişaf etməkdə olan ölkələrdən nisbətən orta təbəqədən olanlar, bəzən də nisbətən kasıb insanlar gəlirlər. Məsələn, (rəqəmlər nisbidir və vəziyyəti aydın təsəvvür etmək üçün verilir) Azərbaycan görür ki, hər il ölkəyə Hindistandan 500 min turist gəlir, hər bir turist ölkəmizdə qaldığı müddətdə ortalama təxminən 300-400 dollar pul xərcləyir. Lakin, körfəz ölkələrindən gələn ərəblər qaldıqları müddətdə 4000-5000 dollar, Avropa ölkələrindən gələnlər 3000-4000 dollar xərcləyir. Təxminən 10-15 hotel administratoru və sahibləri ilə söhbətimdə onlar da təsdiqləmişdilər ki, 10 hindlinin xərci bir ərəbin xərcindən azdır. Turizm sahəsində olanlar fikirləşirlər ki, elə siyasət yürütməliyik ki, daha çox ərəb və avropalı turistlər gəlsinlər. Yəni 500 min hindli turistdən 60-70 min ərəb turist daha çox valyuta gətirir, daha çox xeyir verir. Məsələn, hazırda Barselona, Amsterdam kimi şəhərlərdə əhali davamlı narazılıq edir ki, şəhərdə turistlərin sayı həddən artıq çoxdur, biz öz şəhərimizdə xüsusilə yay aylarında normal gəzə, istirahət edə bilmirik. Beləliklə ölkə premium seqmentə məxsus turist cəlbi üzrə siyasət yürüdür və sonda deyir ki, Hindistandan gələn turistlərin sayı 100-150 min nəfər azalıb, lakin ərəb və Avropa ölkələrindən gələnlərin sayları 70-80 min artıb. Nəticədə isə turist sayı azalsa da ölkə turizmdən daha çox qazanıb, səmərəlilik artıb. Ola bilər ki, Sədr bunu haradasa oxuyub, amma bunun Azərbaycana aid olmadığını görə bilməyib. Azərbaycanda isə, 2015-ci il devalvasiyalarından sonra Ölkə Prezidentinin ASAN İmza daxil olmaqla konkret olaraq atdığı addımlar nəticəsində məhz premium seqmentə məxsus turistlərin ölkəmizə axını baş verdi. Biz bu turizm bumunu həzm edə bilmədik, təhlil etmədik, nəticələri proqnozlaşdırmadıq. Post-pandemiya dövründə isə hindli, pakistanlı, çinli turistlər nisbətən çoxaldı, lakin onlar üzrə də (Hindistan siyasi məsələ olduğundan aydındır, lakin digər ölkələr üzrə məsələ aydın deyil) tempi saxlaya bilmədik. Biz son illərin turizm saylarına baxsaq davamlı çöküş, iflas, azalma yaşamışıq. O halda biz hansı dataya, hansı siyasətə, hansı gedişata baxaraq deyirik ki, “Turizmdə uğur yalnız turist sayı ilə ölçülmür”? Biz şüuraltı olaraq mesaj veririk ki, hələ bundan da sonra turist sayı azalacaq, amma bunu uğursuzluq hesab etməyin? Biz premium seqmentdə turist sayında böyük itkilər deyil, faktiki çöküş yaşayırıq. Yəqin ki, bunun nə demək olduğunu anlayırıq. Bu turistlər təyyarə ilə ölkəmizə gəlirlər və sərhədlərin bağlı olmasının bu seqmentdə azalmağa təsiri ya yoxdur, ya da minimumdur. Məhz bu seqment üzrə sərhəd məsələsini demək sadəcə bəhanədir. Sərhədlərin bağlı olmasının təsiri daha çox qonşu ölkələrlə turist əlaqələrində danılmazdır. Biz bilirik ki, faktiki olaraq turistlərin sayındakı azalma 5-10-15 faizlə ölçülmür. Bu statistik azalmadır. Faktiki olaraq turistlərin sayı pandemiyadan öncəki dövrlə müqayisədə azı 30-40-50 faiz azalıb. Turizm Agentliyi isə onun deyil, digər qurumların fəaliyyəti nəticəsində (ölkəmizdə keçirilən beynəlxalq tədbir və konfranslar) ölkəyə gələn turistləri də nəzərə alsa, turizm obyektləri arasında sorğu keçirsə turizm sektorundakı vəziyyətə obyektiv olaraq yalnız bir ad verə bilər: ÇÖKÜŞ VƏ İFLAS! Bunun acı nəticələrini isə çəkənlərin siyahısına baxaq: ÜDM-nin artım tempi, ictimai iaşə obyektləri, hotellər, hostellər, evlərini turistlərə günlük kirayət verən vətəndaşlar (azalmalar), ölkə iqtisadiyyatı (pul dövriyyəsi, məşğulluq azalır), ölkənin tədiyə balansı (daha az valyuta daxilolmaları), büdcə (daha az büdcə daxilolmaları) və sair və sair… Bütün bunların bundan sonra da zərər görməmələri, əziyyət çəkməmələri, turizmə xidmət edən sahələrdə çökmə və iflasların yaşanmaması üçün dərindən düşünməli və narahat olmalı deyilikmi?? Nəhayət, “Turizmdə uğur yalnız turist sayı ilə ölçülmür”sə, çox deyil, bir-iki sual: son illərdə ölkəmizdə konkret olaraq hansı turizm sahəsinin inkişafı üçün hansı konkret tədbirlər görülüb? Konkret nəticələr nədir? Bu sahədə hansı uğurumuz var? Konkret olaraq ölkəmizdə turizmdə uğur nə ilə ölçülür? Bir də Allah xatirinə, tədbir və konfranslar üçün və ya Rusiya və digər ölkələrdən qohum-əqrəbalarının xeyir-şər işləri üçün və ya valideynlərinə baş çəkmək üçün gələn soydaşlarımızın sayları ilə manipulyasiya edib bu qədər turist cəlb etmişik deməyək! Unutmayaq: turist cəlb etmək başqadır! Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək 25/06/2026 Daşınmaz əmlak Bakının bu ərazisində olan tikililərdə söküntü başladı 25/06/2026 Nəqliyyat Azərbaycan və Gürcüstan gömrükçüləri nəqliyyat vasitələrinin yoxlanılmasını sinxron həyata keçirəcək 25/06/2026 Ümumi iqtisadi xəbərlər Şahin Bağırov: “Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir” 25/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək 25/06/2026 Daşınmaz əmlak Bakının bu ərazisində olan tikililərdə söküntü başladı 25/06/2026 Nəqliyyat Azərbaycan və Gürcüstan gömrükçüləri nəqliyyat vasitələrinin yoxlanılmasını sinxron həyata keçirəcək 25/06/2026 Ümumi iqtisadi xəbərlər Şahin Bağırov: “Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir” 25/06/2026