Dağıstanda Krım-Konqo hemorragik qızdırmasına (KKHQ) 3 yoluxma halı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. Məlumata görə, “Asiya Ebolası” da adlandırılan virusa yoluxan hər üç şəxs ağır vəziyyətdə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyləri nəticəsində xəstələrin vəziyyətini stabilləşdirmək mümkün olub və hazırda onların həyatı üçün heç bir təhlükə qalmayıb. Məlumat üçün bildirək ki, KKHQ kəskin virus xəstəliyi olub, insana, əsasən, gənə dişləməsi, həmçinin yoluxmuş heyvanların və ya insanların qanı ilə birbaşa təmas zamanı keçir. Ölüm riski olduqca yüksək olan (10%-dən 40%-ə qədər) bu xəstəlik təcili tibbi müdaxilə tələb edir. Xəstəliyin gizli (inkubasiya) dövrü 2 gündən 14 günə qədər çəkir.