Uruqvay Futbol Assosiasiyası (AUF) 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandıran milli komanda üçün nəzərdə tutulmuş çarter reysini ləğv edib. “Qafqazinfo” Uruqvay mətbuatına istinadən xəbər verir ki, komandanın Meksikanın Playa-del-Karmen şəhərindəki bazasından Montevideoya planlaşdırılan xüsusi reysi baş tutmayacaq. Nəticədə futbolçular və məşqçilər korpusu ölkələrinə ayrı-ayrılıqda kommersiya aviareysləri ilə qayıtmalı olacaqlar. Qeyd edək ki, ikiqat dünya çempionu olan Uruqvay mundialda uğursuz çıxış edib. Marselo Byelsanın komandası qrup mərhələsində Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq qrupu sonuncu pillədə başa vurub və pley-offa yüksələ bilməyib. AUF çarter reysinin ləğvi ilə bağlı rəsmi səbəb açıqlamayıb. Yerli KİV-lər qərarın komandanın uğursuz çıxışından sonra verildiyini bildirirlər.