Böyük şəhərlərin ən amansız tərəfi odur ki, sənin içinin fırtınasını, cibinin boşluğunu heç vaxt nəzərə almır. İyun gələn kimi Bakının bürüzlü havasına, asfaltından qalxan o ağır istiyə qəribə bir nümayiş ritmi qarışır. Bizə elə gəlir ki, hamı çamadanını toplayıb harasa tələsir, hamı bu şəhərdən qaçmağın bir yolunu tapıb və hamı çox xoşbəxtdir. Amma bu rənglənmiş reallığın, bu süni vitrinin arxasında, səs-küylü marafonun kənarında nəfəssiz qalan böyük bir kütlə də var: sosial şəbəkələrin “yay tətili” tamaşalarının məcburi tamaşaçısı olan tərəf - dincələ bilməyənlər. Bu gün Azərbaycanda dörd nəfərlik bir ailə üçün dincəlmək anlayışı artıq bioloji bir ehtiyac və ya sadə bir yay tətili yox, bildiyiniz ağır iqtisadi imtahandır. Lap açıq danışaq: ölkə daxilində dörd nəfərlik bir ailənin normal, insani şəraitdə bir neçə günlük istirahəti çox vaxt xaricə təşkil olunan turlardan baha başa gəlir. Rayonlardakı hotellərin, dəniz kənarındakı mərkəzlərin təklif etdiyi astronomik qiymətləri görəndə adamın dincəlmək həvəsi elə kompyuterin ekranındaca sönür. Yerli turizm bazarındakı qiymətlərlə cibimizdəki reallıq arasında elə bir uçurum var ki, adi bir tətil sıravi ailə üçün əlçatmaz bir lüksə, hətta stress mənbəyinə çevrilir. Mavi dəniz kənarı, qızılı qumlar, bahalı hotellərin hovuz kənarından çəkilmiş, işıq bərabərliyi mükəmməl tənzimlənmiş o estetik fotolar ekranımıza düşdükcə rəqəmsal dünya bizə amansız bir hökm oxuyur: “Uğurlu insan yayda dincələn, harasa gedən insandır”. Məhz bu nöqtədə sosial şəbəkələrin o “ideal yay” basqısı kollektiv bir travmaya çevrilir. Uşaqların qabağında boynubükük qalmamaq, qonşudan, dost-tanışdan geri görünməmək, virtual məkanda “mən də buradayam” deyə bilmək üçün çoxları çıxış yolunu banklarda axtarır. Və qarşımıza növbəti acı mənzərə çıxır: yüksəkfaizli istehlak kreditləri ilə alınan bir neçə günlük illüziya. Burada söhbət təkcə pulun yoxluğundan getmir, cəmiyyətin dərin sosial asılılığından gedir. Biz dincəlməyi fiziki bərpa prosesi olmaqdan çıxarmışıq. Başqalarının gözündəki “xoşbəxt ailə” şablonuna daxil olmaq üçün öz gələcəyimizi girov qoymaqla məşğuluq. Tətil bitir, şəkillər instaqram arxivinə gedir, dəniz qumu ayağımızdan təmizlənir, amma daxili yorğunluq və o amansız maddi çöküş yerində qalır. Şəkillərdə gülümsəyir, reallıqda isə payıza daha yorğun və daha borclu giririk. Dövlət təşkilatlarında və iri şirkətlərdə Həmkarlar İttifaqı vasitəsilə güzəştli yollayışlar, sanatoriya imkanları var. Əsas çətinlik isə tamamilə özəl sektorda, tikintilərdə və ya kiçik sexlərdə çalışan fəhlələrin payına düşür. Təəssüf ki, yerli özəl sahədə işçinin istirahətini düşünən korporativ məsuliyyət hələ formalaşmayıb. Halbuki qlobal biznesdə özəl şirkətlər fiziki əməklə məşğul olan işçilərinə yay dəstək paketləri ayırırlar ki, onlar borca girmədən dincələ bilsinlər. Digər tərəfdən, dünyada bahalı hotellərə alternativ olaraq kempinq (çadır və karvan) mədəniyyəti çox inkişaf edib. Bu cür ucuz alternativlərin bizim özəl turizm sektorunda da sahibkarlar tərəfindən tətbiq olunması, gələcəkdə həm qiymətləri aşağı sala, həm də zəhmətkeş ailələrin maddi yükünü yüngülləşdirə bilər. Bu problemin köklü həlli, əlbəttə ki, fərdlərdən asılı deyil; bu, turizmdəki qiymət siyasətinin, rəqabətsizliyin və bazarın problemidir. Amma çıxış yolu da təkcə iqtisadi tənzimləmələrdə və ya fərdi psixoloji sakitlikdə deyil. Burada daha böyük bir sosioloji silkələnməyə ehtiyac var: cəmiyyət olaraq "xoşbəxtlik və uğurluluq" tərifimizi rəqəmsal vitrinlərdən xilas etməliyik. Biz kollektiv şəkildə nümayiş mədəniyyətini boykot etməyi bacarmalıyıq. Əgər mövcud qiymətlər fonunda bu yay ailənizlə harasa gedə bilmirsinizsə, lütfən, bunu öz uğursuzluğunuz kimi qəbul etməyin. Bu sizin yox, bazarın disbalansıdır. Başqalarının cilalanmış, filtirlənmiş vitrin həyatları ilə öz real imkanlarınızı müqayisə edib ruhunuzu incitməyin. Çünki bu süni pafos və nümayiş əsrində ən böyük, ən səmimi lüks - başqalarının diktəsi ilə borclanıb dincəlmək yox, öz maddi və mənəvi sərhədlərini qoruyub, bu sosial təzyiqlərə və rəqəmsal diktaturaya qarşı sakitcə, səmimiyyətlə dik dura bilməkdir. Xüsusi olaraq “Qafqazinfo” üçün