Almaniya hakimiyyəti həftəsonu Berlin supermarketində bir qadını 11 saatdan çox girov saxlamqda ittiham olunan 29 yaşlı bir şəxs barəsində həbs qərarı çıxarıb. Şəxs bazar günü fidyə üçün adam oğurluğu, ağırlaşdırılmış hədə-qorxu ilə tələb etməyə cəhd və təhlükəli bədən xəsarəti yetirməklə ittiham edilib. Şəxs cümə günü axşam saat 10-dan qısa müddət sonra Berlinin Marienfelde rayonundakı bir mağazada qadın supermarket işçisini girov götürərək onu hədələyib. Prokurorluğun sözçüsü bildirib ki, o, qadını bıçaqla hədələyib. Danışıqlar nəticəsində təslim olmağa razı salınmadıqdan sonra, xüsusi təyinatlılar ertəsi gün səhər saat 9-dan qısa müddət sonra taser istifadə edərək xüsusi əməliyyatla qadını azad ediblər. Prokurorların bildirdiyinə görə, qadın xəstəxanaya aparılsa da, xəsarət almayıb. Polis bildirib ki, girov götürməkdə şübhəli bilinən şəxs əməliyyat zamanı yüngül xəsarətlər alıb və polis nəzarətinə alınmazdan əvvəl xəstəxanaya aparılıb.