Taylandın paytaxtı Banqokda bazar günü gecə saatlarında bir barda baş verən dəhşətli yanğın nəticəsində ən azı 27 nəfər həlak olub, 63 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Yaralılardan 22 -sinin vəziyyəti kritik olaraq qiymətləndirilir. Hadisə Rong Beer Na Lat Phrao bar və restoranında baş verib və alovun sürətlə yayılması nəticəsində qısa zamanda böyük bir faciəyə çevrilib. Şahidlərin sözlərinə görə, yanğın zamanı insanlar arasında böyük çaxnaşma yaranıb və bir çoxları alovların içindən qaçmağa çalışıblar. Sosial mediada yayılan görüntülərdə insanların alovlar içində küçəyə qaçdığı, bəzilərinin isə paltarlarının yandığı anlar əks olunub. Taylandın Baş Naziri Anutin Charnvirakul hadisə yerinə gələrək vəziyyətlə tanış olub və araşdırmaların davam etdiyini bildirib. O, musiqiçilərin verdiyi məlumata əsasən, səhnə yaxınlığındakı elektrik qutusundan tüstü çıxdığını, daha sonra elektrik enerjisinin kəsildiyini və partlayış səsinin eşidildiyini qeyd edib. Baş Nazir əlavə edib ki, qurbanların əksəriyyəti çıxışı olmayan tualetlər kimi arxa hissələrdə tapılıb ki, bu da çaxnaşma və tüstünün səbəb olduğu panika ilə əlaqədar ola bilər. Banqokun qubernatoru Chadchart Sittipunt isə bildirib ki, yanğın çox sürətlə yayılıb və tavana qədər çatıb, tüstü isə ölümlərin əsas səbəbi ola bilər. O, həmçinin bəzi qurbanların yanğın çıxışının yaxınlığında tapıldığını və bu çıxışların maneələrlə bağlı ola biləcəyini ehtimal edib. Hadisə şahidlərindən biri, Laoslu turist Kan Kutirat , saat 22:00 radələrində barda tək içərkən səhnənin yaxınlığından tüstü gəldiyini gördüyünü bildirib. O, içəridən gələn yüksək qışqırıq səslərini eşitdiyini və insanların çaxnaşma içində olduğunu qeyd edib. Kutirat bir qadını bardan çıxarmağa kömək etdiyini, lakin daha çox insana kömək edə bilmədiyi üçün təəssüfləndiyini bildirib. Yanğından sonra hadisə yerində çəkilən fotolarda yanmış masalar, stullar və barın zədələnmiş interyeri görünür. Ərazidə yanmış plastik qoxusu saatlar sonra da hiss olunurdu. Tayland polisi yanğının bazar ertəsi səhər saat 02:00 radələrində nəzarət altına alındığını açıqlayıb. Taylandda təhlükəsizlik qaydalarına laqeyd yanaşma, xüsusilə barlar və gecə klublarında, uzun müddətdir narahatlıq doğurur. Ölkədə oxşar faciələr əvvəllər də yaşanıb. 2022-ci ildə Çonburi əyalətindəki Mountain B gecə klubunda baş verən yanğında 25 nəfər həlak olmuşdu. 2009-cu ildə isə Banqokdakı Santika klubunda Yeni İl gecəsi baş verən yanğın 67 nəfərin ölümünə və 200 -dən çox insanın yaralanmasına səbəb olmuşdu. Bu son hadisə bir daha ölkədəki təhlükəsizlik standartlarının gücləndirilməsinin vacibliyini gündəmə gətirir.