Avropa İttifaqı 27 üzvlü blokda kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq üçün addım atacaq. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bazar ertəsi bildirib. Bu, onlayn təhlükələrdən qorunmaq üçün indiyə qədərki ən böyük səy olacaq. Fon der Leyen iki ekspertin tövsiyə etdiyi çoxpilləli yanaşma sənədini təqdim edib. Bu yanaşmaya görə, 13 yaşdan kiçik uşaqlar sosial mediadan yalnız valideynlərin, baxıcıların və müəllimlərin nəzarəti altında məhdud müddətə istifadə edə biləcəklər. Yeniyetmələr böyüdükcə məhdudiyyətlər tədricən aradan qaldırılacaq. Fon der Leyen Brüsseldə jurnalistlərə açıqlamasında deyib: “Aydındır ki, platformalar üçün yaşa uyğun məhdudiyyətlərə ehtiyacımız var”. O bildirib: “Məsələ artıq uşaqların onlayn risklərlə üzləşib-üzləşməməsi deyil, uşaqlara onlayn daha təhlükəsiz başlanğıc vermək üçün nə edə biləcəyimizdir”. Fon der Leyen ekspertlərin təkliflərini izləyəcəyini və Komissiyanın yaydan sonra konkret təklif təqdim edəcəyini qeyd edib. Onun sentyabr ayında İttifaqın Vəziyyəti ilə bağlı çıxışında bunu elan edəcəyi gözlənilir.