Çərşənbə axşamı Alkatraz adasından təxminən 600 yard məsafədə ponton qayığı aşdıqdan sonra bir nəfər həlak olub, üç nəfər isə itkin düşüb. San Fransisko Yanğınsöndürmə Departamenti yerli vaxtla saat 15:37-də çətin vəziyyətdə olan gəmi haqqında məlumat alıb, departament rəisi Din Krispen mətbuat konfransında bildirib. Krispenin sözlərinə görə, hadisə yerinə ilk çatan dəniz bölməsi suda “şiddətli çətinlikdə” olan bir kişini görüb və süni tənəffüsə başlayıb. O, sahilə gətirilərkən vəfat etdiyi elan edilib. O bildirib ki, üç göyərtəli ponton qayıqda əsasən ailə üzvləri olan 20 nəfər “bir növ anım mərasimi” keçirirmiş. Səlahiyyətlilər bildiriblər ki, San Fransisko Yanğınsöndürmə Departamenti və ABŞ Sahil Mühafizə Xidməti tərəfindən axtarış-xilasetmə əməliyyatı axşam boyu davam edəcək. Qayıqdakı üç nəfər xəsarət alaraq yerli xəstəxanaya çatdırılıb, Krispen onların “stabil vəziyyətdə” olduğunu bildirib. Qayıqdakı digər 13 üzv sağ-salamat sahilə qayıdıb və xəsarət almayıb. Daha əvvəlki mətbuat konfransında yanğınsöndürmə departamentinin rəisi qayıqda 19 nəfərin olduğunu və saat 15:37-də alınan məlumatda gəminin yandığı bildirilmişdi. Çərşənbə axşamı axşam o, şahid ifadələrinin 50 futluq kabin kreyseri olan qayıqda 20 nəfərin olduğunu göstərdiyini bildirib. O qeyd edib ki, yanğınsöndürmə xidməti qayıqa çatanda yanğın əlaməti olmayıb, şahidlər dənizdə güclü dalğalar və su götürməyə başlayan, körfəzdə aşan gəmi barədə məlumat veriblər. Reuters xəbər agentliyinin məlumatına görə, balıqçı Mayk Montoya ilə birlikdə gəmidən insanları xilas etməyə kömək edən liman işçisi Castin Marselin deyib ki, “biz gələndə tam xaos idi”. “Hər dəfə bir insanı tutmalı olanda, onların hər biri ya yorulmuşdu, ya da çaxnaşma içində idi və çabalayırdı”, – Marselin bildirib.