Şimali Koreya lideri Kim Çen In Pxenyanqda Çinin dördüncü ən yüksək rütbəli rəsmisi Vanq Huninq ilə danışıqlar aparıb. Bu barədə cümə günü dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Vanqın rəhbərlik etdiyi Çin nümayəndə heyəti Şimali Koreyanın dəvəti ilə çərşənbə günü Pxenyanqa gəlib. Bu görüş, Çin Prezidenti Si Cinpinin iyun ayında Şimali Koreyaya yeddi ildə ilk səfərindən sonra Pekin və Pxenyanq arasında yüksək səviyyəli mübadilələrin sonuncusudur və Şimali Koreyanın Rusiya ilə dərinləşən əlaqələri fonunda Çinin ənənəvi müttəfiqi üzərində təsirini gücləndirmək səylərini əks etdirir. Həm Kim , həm də Vanq , Si Cinpinin səfəri zamanı Çin və Şimali Koreya arasında əldə edilmiş razılaşmanı həyata keçirmək üçün çalışacaqlarını bildiriblər. KCNA o zaman bildirmişdi ki, Si və Kim yüksək səviyyəli rəsmilərin səfərləri vasitəsilə siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı, eləcə də strateji kommunikasiyanı genişləndirmək barədə razılığa gəliblər. KCNA -nın məlumatına görə, Vanqın rəhbərlik etdiyi Çin nümayəndə heyəti həmçinin Koreya müharibəsində həlak olan Çin əsgərlərinə həsr olunmuş xatirə yerini, Fəhlə Partiyasının kadr hazırlığı məktəbini və Kim İl-sunq və Kim Çen İlin cəsədlərinin saxlandığı mavzoley olan Kumsusan Günəş Sarayını ziyarət edib.