TUNİS, 12 avqust. /TASS/. Liviya böhranının həlli yolları və regiondakı vəziyyət Liviya Nümayəndələr Palatasının (ölkənin şərqində fəaliyyət göstərən parlament) sədri Aqila Saleh və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında keçirilən görüşün əsas mövzusu olub. Bu barədə Liviya parlamentinin sözçüsü Abdullah Blihaq bildirib. Sözçü qeyd edib ki, görüş zamanı Saleh " Liviya böhranının dövlət qurumlarını birləşdirmək və Liviya xalqının iradəsini ifadə edəcək prezident və parlament seçkiləri təşkil etmək yolu ilə həll edilməsinin zəruriliyini" vurğulayıb. O əlavə edib ki, tərəflər həmçinin ikitərəfli əlaqələri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. Liviya parlamentinin sədri Liviya İnkişaf və Yenidənqurma Fondu himayəsi altında həyata keçirilən Liviya şəhərlərinin yenidən qurulması və inkişafı layihələrinə dəstəyini ifadə edib və Türkiyə şirkətlərinin bu proqramlarda iştirakını alqışlayıb. Saleh və Fidan arasında danışıqlar Benqazidə , Türkiyənin yüksək səviyyəli diplomatının Liviya Milli Ordusunun komandiri Saddam Həftər ilə görüşündən sonra baş tutub. Fidan Liviyaya iki günlük rəsmi səfərə gəlib. Bu, onun Benqaziyə ilk səfəridir.