MOSKVA , 18 avqust. /TASS/. Yaponiyanın Moskvadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra çərşənbə axşamı nazirliyə gəlib, TASS müxbiri xəbər verir. TASS-ın sualını cavablandıran Rusiya Xarici İşlər Naziri Sergey Lavrov daha əvvəl bildirmişdi ki, Yaponiya səfiri Tokionun Prezident Vladimir Putinin Kuril adalarından İturup adasına səfərinə etirazından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Lakin Yaponiya səfirliyi səfirin çağırışı niyə qulaqardına vurduğunu dəqiq izah edə bilməyib və diplomatın nə cümə, 14 avqust, nə də bazar ertəsi, 17 avqust tarixlərində gələ bilməyəcəyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Akira Muto Lavrovun sözlərindən sonra “birdən-birə özünü daha yaxşı hiss edib” və avqustun 18-də nazirliyə gələcək. Rusiya və Yaponiya 20-ci əsrin ortalarından bəri İkinci Dünya Müharibəsindən sonrakı sülh müqaviləsi üzrə danışıqlar aparır. Əsas maneə Cənubi Kuril adalarının kimə məxsus olması məsələsidir. İkinci Dünya Müharibəsinin sonunda bütün Kuril adaları Sovet İttifaqına daxil edildi. Lakin Yaponiya İturup, Kunaşir, Şikotan adalarını və Yaponiyada Habomai adaları adlanan Kiçik Kuril silsiləsinin bir sıra yaşayış olmayan adalarını özünə aid olduğunu iddia edirdi. 1956-cı ildə Sovet İttifaqı və Yaponiya müharibə vəziyyətinin dayandırılması haqqında birgə bəyannamə imzaladılar. İki ölkə diplomatik və digər əlaqələri bərpa etsə də, hələ də sülh müqaviləsi imzalamayıblar. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bildirib ki, Kuril adaları üzərində Rusiyanın suverenliyi müzakirə mövzusu deyil, çünki beynəlxalq müqavilələr onların Rusiyaya aid olduğunu nəzərdə tutur.