Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bu yaxınlarda bir nəfərin ölümü və yüzlərlə insanın bu mikrobla xəstələnməsindən sonra salmonella qida zəhərlənməsinin milli epidemiyasını elan edib. Hələ sübut olunmasa da, idxal olunan yumurtalar və ya tərkibində yumurta olan məhsullar səbəb kimi əsas şübhəlilərdir. Sübutlar həmçinin göstərir ki, insanlar evdə deyil, çöldə yemək yeyərkən bu mikroba yoluxublar – restoranlar və ya kafelər kimi iaşə və qida xidmətlərinin rol oynadığı ehtimal olunur. Lakin hələ də çox şey kəşf edilməlidir. Nə bilirik və hansı suallar cavabsız qalır? Salmonella , adətən, mal-qara, donuz və toyuq daxil olmaqla heyvanların həzm traktında zərərsiz yaşayan bir bakteriya ailəsidir – buna görə də yumurta və quş əti infeksiya ilə əlaqəli qidalar arasındadır. Bakteriyalar heyvan nəcisində yayılır. Siz bu mikroba aşağıdakı yollarla yoluxa bilərsiniz: düzgün bişirilməmiş çirklənmiş qida yemək, çirklənmiş su içmək, yoluxmuş heyvanlarla təmasda olmaq, mətbəxdə çiy və bişmiş qidanı qarışdırdıqdan sonra çarpaz çirklənmə. Diqqət yetirilməli əlamətlərə mədə krampları, ishal, qusma və ya qızdırma daxildir. Bunlar adətən yoluxduqdan sonra 12-72 saat ərzində inkişaf edir. Əksər hallarda insanlar əlavə kömək olmadan sağalırlar, lakin yaşlı insanlar, körpələr və immunitet sistemi zəif olan insanlar ağır xəstəlik riski altındadırlar. Bu hallarda maye və bəzən antibiotiklərlə xəstəxana müalicəsi kömək edə bilər. Narahat olan hər kəs ilk növbədə öz GP -si (ailə həkimi) və ya işdən sonra xidməti ilə əlaqə saxlamalıdır. Son vaxtlar halların əksəriyyəti – 207 haldan 199-u İngiltərədə qeydə alınıb, bunlardan 47-si Londonda və 38-i Yorkşir və Humberdə olub. Şotlandiyada altı, Uelsdə bir və Şimali İrlandiyada daha bir hal qeydə alınıb. Hallar yayılmış olsa da, alimlər bütün genom ardıcıllığı adlanan hərtərəfli genetik barmaq izi növündən istifadə edərək, iştirak edən mikrobların hamısının yaxın qohum olduğunu aşkar ediblər. Testlər göstərir ki, onların DNT ardıcıllıqlarında yalnız bir neçə fərq var ki, bu da infeksiyaların eyni epidemiyanın bir hissəsi olduğunu və ümumi bir mənbəyə malik olduğunu göstərir. Bakteriyaların genetik testi əvvəlki idxal olunan yumurtalarla əlaqəli epidemiya ilə oxşarlıqlar olduğunu göstərir. UKHSA mütəxəssisləri hazırkı epidemiyada iştirak edən 114 nəfəri sorğu-sual ediblər və onların cavabları yumurtaların “ən güclü siqnal” və ya ipucu verdiyini göstərir. Təxminən 24 hal beş müəssisə ilə (adları açıqlanmayıb) əlaqəli olub, 11 nəfər yumurta tərkibli yeməklər yediklərini bildirib. Tədqiqatlar göstərir ki, bu müəssisələr idxal olunan mənbələr də daxil olmaqla, müxtəlif mənbələrdən tədarük edilən yumurtalardan istifadə edə bilərlər. UKHSA bildirir ki, “Bu zaman Böyük Britaniyada istehsal olunan yumurta və ya quş əti ilə heç bir əlaqə müəyyən edilməyib”. Qida Təhlükəsizliyi Agentliyinin hadisələr üzrə rəhbəri Jacquelyn McCormick deyir ki, standart məsləhət dəyişməz qalır – gigiyenik şəkildə işlənmiş, yaxşı bişirilmiş yumurtalar qida təhlükəsizliyi riski yaratmamalıdır. Körpələr, kiçik uşaqlar, hamilə qadınlar və yaşlılar yalnız British Lion nişanı olan və ya Laid in Britain yumurta təminat sxemi çərçivəsində istehsal olunan maye və ya çiy yumurta yeməlidirlər. İmmuniteti zəif olan insanlar həkimlərinin məsləhətlərinə əməl etməlidirlər. Bu arada, London Gigiyena və Tropik Təbabət Məktəbindən Dr. Kathleen O'Reilly kafelər və ya restoranlar seçərkən qida gigiyenası reytinqlərini yoxlamağı tövsiyə edir. Sağlamlıq mütəxəssisləri hələ də yumurtaların mənbə olduğunu təsdiqləməlidirlər. Daha sonra yumurtaların və ya yumurta məhsullarının haradan gəldiyini izləməli və növbəti addım gələcək infeksiyaları məhdudlaşdırmaq üçün tədbirlər görmək olacaq. Bir çətinlik ondadır ki, bir müəssisə çox sayda yumurta idxal etdikdə, onlar qarışıq mənbələrdən gələ bilər. UKHSA bu epidemiya barədə digər ölkələrə xəbərdarlıq edib ki, onlar genetik cəhətdən oxşar infeksiyaları yoxlaya bilsinlər. Və hər il Böyük Britaniyada salmonella infeksiyaları baş versə də, tək bir qida mənbəyi ilə əlaqəli ola biləcək və yüzlərlə insanın xəstələnməsinə səbəb olan epidemiyalar nisbətən qeyri-adi olduğundan, alimlər bu vəziyyətə gətirib çıxaran amilləri araşdırmaq istəyəcəklər.