Wall Street Journal-ın danışıqlara yaxın mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ hökuməti Meksika rəsmilərindən süni intellekt avadanlıqlarının ixracı üçün yeni qaydaları qəbul etməyi tələb edir. Məqsəd Çin şirkətlərinin və digər xarici firmaların tariflərdən yayınmasının qarşısını almaqdır. Təklif, çiplər və serverlər daxil olmaqla, süni intellekt avadanlıqlarının istehsalında Şimali Amerikadan kənar komponentlərin miqdarını məhdudlaşdıracaq. Bu il süni intellekt avadanlıqları Meksikanın ABŞ-a ən çox ixrac etdiyi məhsul olaraq avtomobilləri geridə qoyub. Meksika və ABŞ , Trump-ın dəfələrlə ləğv etməklə hədələdiyi üçtərəfli azad ticarət sazişi olan ABŞ-Meksika-Kanada Sazişinə (USMCA) yenidən baxılması danışıqları çərçivəsində mənşə qaydaları təklifini müzakirə edirlər. ABŞ bəzi Meksika mallarına tariflər tətbiq etsə də, onlar Çin məhsullarına tətbiq edilən vergilərdən xeyli aşağıdır. Danışıqlara yaxın mənbələr bildiriblər ki, ABŞ və Meksika ticarət rəsmiləri arasında yeni danışıqlar raundu gələn həftənin əvvəlində Vaşinqtonda keçiriləcək.