Nyu-York, 16 sentyabr. /TASS/. ABŞ hakimiyyəti kosmosdan hərbi istifadəni Amerika maraqlarını qorumaq siyasətinin daha normallaşmış və açıq şəkildə müzakirə olunan bir hissəsinə çevirməyə çalışır. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, bu həftə orbital silahlar haqqında açıqlamalar ABŞ ordusunun kosmosdan istifadəsini normallaşdırmaq üçün daha geniş səylərin bir hissəsidir. Rəsmilər hesab edirlər ki, bu cür müzakirələr orbitə silah çıxarmağa çalışan rəqibləri çəkindirə bilər. Lakin onlar vurğulayıblar ki, bu cür silahları açıq şəkildə müzakirə etmək qərarı heç bir qlobal hadisəyə və ya cari əməliyyata əsaslanmayıb. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink -in Birləşmiş Ştatların orbital silahlara malik olması ilə bağlı son açıqlamasının Vaşinqtonun kosmosda silah yerləşdirməyə çalışdığını sübut etdiyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya kosmosda silahlanma yarışının qarşısını almaq üçün təcili praktiki tədbirlər görülməsinin zəruriliyini görür.