Yerli xilasetmə qruplarının məlumatına görə, Qəzza zolağında müharibədən zədələnmiş binanın dağılması nəticəsində azı 12 nəfər, o cümlədən uşaqlar həlak olub, onlarla insan itkin düşüb. Video görüntülərdə Qəzza şəhərinin Tal əl-Hava bölgəsindəki çoxmərtəbəli binanın dağıntıları arasında cəsədlərin və sağ qalanların axtarışının davam etdiyi, mərtəbələrin bir-birinə yapışdığı görünür. Sakinlər binanın təhlükəli olmasına dair xəbərdarlıqlara baxmayaraq, 10 ailənin mənzillərdə yaşadığını bildiriblər. HƏMAS -ın idarə etdiyi Mülki Müdafiə xilasetmə xidmətinin üzvləri, İsrailin Qəzzaya avadanlıq gətirilməsinə qoyduğu sərt məhdudiyyətlər səbəbindən əvvəlcə “əliboş” işlədiklərini deyiblər. Lakin onlar sonradan bəzi ağır texnika əldə edə biliblər. Səhiyyə rəsmiləri və HƏMAS mənbələrinin məlumatına görə, çərşənbə axşamı İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində iki uşaq və bir HƏMAS komandiri də daxil olmaqla azı beş fələstinli həlak olub. İsrail ordusu cənubi Qəzzada HƏMAS komandirini və şimalda başqa bir döyüşçünü öldürdüyünü bildirib. Hər iki halda da bir uşağın həlak olduğu bildirilir. Bundan əlavə, Britaniyanın Medical Aid for Palestinians xeyriyyə təşkilatı, şimali Qəzzanın Cəbaliya bölgəsində dəstəklədiyi səhiyyə mərkəzində bir xəstənin İsrail dronu tərəfindən öldürüldüyünü bildirib.