İsveç İran səfirliyinin bir əməkdaşını ölkədən çıxarıb və ölkənin səfirini çağıraraq Tehranı İsveçdə yəhudi və İsrail maraqlarına qarşı təhdidlər etməkdə ittiham edib. İsveç Stokholmda yerləşən İran səfirliyinin bir rəsmisindən ölkəni tərk etməsini istəyib. Buna səbəb diplomatların bir-biri ilə necə davranmalı olduğunu müəyyən edən “ Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası ” ilə uyğun gəlməyən fəaliyyətlər olub. İsveçin Xarici İşlər Naziri Maria Malmer Stenergard əlavə təfərrüatlar vermədən, qərarın İsveç vətəndaşlarının və maraqlarının qorunması üçün qəbul edildiyini bildirib. Ölkənin Ədliyyə Naziri Gunnar Strommer daha sonra dövlət yayımçısı SVT -yə bildirib ki, qərar İranın “yəhudi və İsrail maraqlarına” qarşı iddia edilən fəaliyyətləri ilə bağlıdır. Strommer deyib: “Biz bilirik ki, İran uzun müddətdir ki, İsveçdə və İsveçə qarşı təhlükəsizliyi təhdid edən fəaliyyətlər həyata keçirir, həm İran rejiminə qarşı çıxan şəxsləri, həm də ölkəmizdəki müxtəlif yəhudi və İsrail maraqlarını hədəf alır”. O əlavə edib ki, İran öz məqsədlərinə çatmaq üçün “cinayət şəbəkələrindən istifadə edir”. “Biz təsdiq edə bilərik ki, İran İsveçdə və İsveçə qarşı təhlükəsizlik təhdidləri yaradan fəaliyyətlərlə məşğul olmağa davam edir. İsveç Təhlükəsizlik Xidmətinin sözçüsü Jonathan Svensson AFP -yə bildirib: “Buna, digər şeylərlə yanaşı, cinayət şəbəkələri kimi vasitəçilərdən hücumlar və ya zorakılıq aktları həyata keçirmək üçün istifadə cəhdləri daxildir”. 2024-cü ildə xidmət İranı İsveçdə İsrail və digər maraqlara qarşı “zorakılıq aktları” törətmək üçün cinayət dəstəsi üzvlərini cəlb etməkdə ittiham etmişdi. İran bu ittihamı rədd edib.