Səudiyyə Pro Liqası təmsilçisi Əl-Təavun , azarkeşlərinin Əl-Hilal yarımmüdafiəçisi Ruben Nevesi dostu və komanda yoldaşı Dioqo Jotanın ölümü ilə bağlı təhqir etməsi səbəbindən iki ev liqa oyununu azarkeşsiz keçirməyə məcbur edilib. Əl-Təavun həmçinin 100 000 Səudiyyə Riyalı (20 000 funt sterlinq ) məbləğində cərimələnib. Liverpulun hücumçusu Jota ötən ilin iyul ayında 28 yaşında avtomobil qəzasında vəfat etmişdi və Vulverhampton Uonderers və Portuqaliya yığmasında birlikdə oynadığı yarımmüdafiəçi Nevesin yaxın dostu idi. Neves hazırda Jotanın xatirəsinə Portuqaliya yığmasında 21 nömrəli formanı geyinir və baldırında onunla Jotanın qucaqlaşdığı döymə var. O, həmçinin Jotanın dəfn mərasimində tabut daşıyanlardan biri olub. Azarkeşlər şənbə günü komandasının 6-0 hesablı qələbəsindən əvvəl Nevesi dəfələrlə “Jota” qışqıraraq hədəfə alıblar. Matçdan sonra Neves jurnalistlərə deyib: “Ümid edirəm ki, etdiklərindən sonra namaz qılmağa getməzlər”. Səudiyyə Ərəbistanında Əl-Nəsr klubunda oynayan və Jotanın beynəlxalq komanda yoldaşı olan Kristiano Ronaldo , şüar səsləndirən azarkeşlərə ömürlük qadağalar tətbiq edilməsini tələb edib. Əl-Təavun verdiyi bəyanatda bildirib: “Belə davranış tamamilə qəbuledilməzdir və klubu, onun azarkeşlərini və klubun tanındığı dəyərləri təmsil etmir. İdman rəqabəti başqalarını təhqir etmək, alçaltmaq və ya kiminsə hissləri bahasına zorakılıq etmək üçün əsas ola bilməz.”