Prezident Donald Tramp çərşənbə günü Avropa İttifaqının Kanadanı ilk "assosiativ üzv" etmək planını həyata keçirəcəyi təqdirdə, Aİ-yə qarşı tariflər tətbiq etməklə və ya blokla ticarəti tamamilə dayandırmaqla hədələyib. Şimali Karolinaya enişindən sonra jurnalistlərə danışan Tramp: "Məncə, bu gülüncdür... Kanada dəhşətli ticarət tərəfdaşı olub", – deyib. O, hədəsini Avropa liderlərinin niyyəti ilə şərtləndirərək bildirib ki, "əgər mən bunu düşməncə hərəkət hesab etsəm, çox ciddi tariflər tətbiq edəcəyəm və ya Avropa ilə bir çox şeylərdə ticarəti dayandıracağam". Trampın bu açıqlamaları Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Aİ-nin Kanadanın 27 üzvlü blokun ilk assosiativ üzvü olması üçün qapı açdığını bildirməsindən sonra verilib. Assosiativ üzvlük hazırda Aİ müqavilələri çərçivəsində rəsmi bir kateqoriya kimi mövcud deyil və belə bir razılaşma üzv dövlətlər tərəfindən yaradılmalı və təsdiqlənməlidir. Təklif, Brüssel və Ottavanın əlaqələri dərinləşdirməyə çalışdığı bir vaxta təsadüf edib və bu, əvvəllər Almaniyanın may ayında Ukraynaya assosiativ üzvlük verilməsi təklifinə laqeyd yanaşan Aİ-də əhəmiyyətli bir dəyişikliyin siqnalı olub. Fransanın Strasburq şəhərində keçirilən illik Aİ çıxışında Aİ rəhbəri bildirib ki, blok Kanada ilə münasibətləri "mümkün olan ən yüksək səviyyəyə" çatdırmaq istəyir. Çıxışda iştirak edən Kanadanın Baş naziri Mark Karney keçmişdə Ottavanın Avropa ilə "unikal təhlükəsizlik və iqtisadi ittifaq" qurmaq istədiyini, lakin tam üzvlük istəmədiyini bildirmişdi. Kanada , aylarla davam edən artan ticarət gərginliyindən və ikitərəfli ticarət danışıqlarının çökməsindən sonra ABŞ-dan asılılığı azaltmağa çalışır. Tramp Kanada mallarına 50% tarif tətbiq edib və bu ayın sonunda ölkənin süd, spirtli içki və avtomobil idxalını qadağan etməyi planlaşdırır ki, bu da Ottavanın cavab tədbirlərinə səbəb olub. Xarici Əlaqələr Şurasının baş elmi işçisi Ceyms Lindsay deyib: " Vaşinqton və Ottava hazırkı ticarət müharibəsindən çıxış yolu tapa bilər, lakin Kanada ABŞ-ın iqtisadi təzyiqinə qarşı həssaslığını azaltmağa davam edəcək". Fon der Leyenin Kanadaya təklifi istehsalat, müdafiə-sənaye bazalarının inteqrasiyası, texnologiya ittifaqı, enerji, süni intellekt və Arktikada əməkdaşlıq üzrə birgə işləri əhatə edir. Kanada artıq Aİ-nin SAFE alətində ( Kanada firmalarına müdafiə tədarükünə üstünlük verilən çıxış imkanı verən təşəbbüs) yeganə qeyri- Avropa ölkəsidir və blokla sərbəst ticarət müqaviləsinə malikdir ki, bu da malların təxminən 99%-i üzrə tarifləri aradan qaldırır, baxmayaraq ki, bu müqavilə hələ də 10 Aİ dövləti tərəfindən təsdiqlənməlidir. ABŞ-ın Aİ-yə tətbiq edəcəyi hər hansı yeni tariflər Vaşinqton və Brüsselin keçən il bağladığı ticarət çərçivəsini sınaqdan keçirəcək ki, bu da ABŞ-a ixrac olunan əksər Aİ məhsullarına 15% tarif tavanı müəyyən edib. Brüssel , Trampın hədəsi qarşısında assosiativ üzvlük təklifini davam etdirib-etdirməyəcəyini bildirməyib. Aİ üzv dövlətləri – onların bir neçəsinin bu elandan xəbərsiz olduğu bildirilir – hələ də Trampın hədəsinə cavab verməyiblər.