Avropa Komissiyasında Macarıstanın yeni hökuməti ilə operativ qarşılıqlı fəaliyyətə hazır olduqlarını bəyan edib. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndələri Brüsseldə keçirilən mətbuat konfransında bildiriblər. Əlavə edilib ki, lakin çoxmilyardlıq Avropa İttifaqı (Aİ) vəsaitlərinin sərbəst buraxılması müddəti Budapeştin konkret addımlarından asılı olacaq. Avropa Komissiyasının məlumatına görə, ortada əhəmiyyətli məbləğlər var. Ümumilikdə Macarıstan üçün təxminən 17 milyard avro, o cümlədən Bərpa və Dayanıqlılıq Mexanizmindən (RRF) təxminən 10,4 milyard avro, Birlik Fondundan (Cohesion Fund) isə 7–7,6 milyard avro vəsait əlçatmazdır. Əlavə olaraq, Budapeşt Aİ-nin müdafiə proqramı (SAFE) çərçivəsində 16 milyard avroya qədər kredit üçün müraciətinə hələ də təsdiq almayıb, həmçinin "Erasmus+" və "Horizon Europe" proqramları üzrə maliyyələşməyə çıxışdan məhrum edilib. Paralel olaraq, ölkə Aİ-nin miqrasiya qanunvericiliyini pozduğuna görə Avropa İttifaqı Məhkəməsinin qərarı ilə gündəlik təxminən 1 milyon avro məbləğində cərimə ödəyir. RRF vəsaitlərinin istifadə cədvəli vəziyyətə xüsusi təcililik qatır. Avropa Komissiyasından qeyd etdikləri kimi, bütün əsas islahatlar və göstəricilər 2026-cı ilin avqust ayının sonunadək yerinə yetirilməli, ödənişlər üzrə ilk müraciətlər isə artıq yaxın aylarda verilməlidir.