Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına bildirib ki, BMT sülhü qorumaq vəzifəsini yerinə yetirə bilmir və Təhlükəsizlik Şurasında islahatlar aparılmasına çağırıb. Ərdoğan illərdir Təhlükəsizlik Şurasında daha əhatəli və inklüziv bir strukturun yaradılmasına çağırır. O deyib: “Gəlin etiraf edək ki, 190-dan çox ölkənin iradəsinin beş ölkənin istəklərinə tabe olduğu bir sistem nə ədalətli, nə də etibarı tam şəkildə təmin etməyə qadirdir”. O əlavə edib: “81 il əvvəl sülh və təhlükəsizliyi qorumaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatı bu missiyanı yerinə yetirə bilmir, daha doğrusu, buna imkan verilmir”. Ərdoğan həmçinin Qəzzadakı vəziyyəti pisləyərək deyib ki, “ürəyində insanlıq, mərhəmət və şəfqət hissi, ədalət və vicdan duyğusu olan heç kəs orada baş verənlərə göz yuma bilməz”. Ərdoğan deyib: “ Fələstin Prezidenti Mahmud Abbas iki il ardıcıl olaraq bu salonda yerini tuta bilməyib. Fələstinli qardaş və bacılarımıza qarşı bu ədalətsizlik vicdanları yaralayır”. O, Fələstin dövlətini tanımayan ölkələri mövqelərinə yenidən baxmağa və bütün xalqları İsrailə Qəzzadakı müharibəni dayandırmaq üçün təzyiqi artırmağa çağırıb. Ərdoğan bu müharibəni “zəmanəmizin ən qeyri-insani, ən utancverici konsentrasiya düşərgəsi” adlandırıb. NATO üzvü Türkiyə İsrailin və onun Qəzzaya qarşı müharibəsinin ən sərt tənqidçilərindən biri olub, hücumlarının soyqırım olduğunu bildirib. O, dəfələrlə İsrailə qarşı beynəlxalq tədbirlər görülməsinə çağırıb. İsrail soyqırım ittihamlarını rədd edir.