Braziliyanın təyyarə istehsalçısı Embraer çərşənbə axşamı bildirib ki, GPS sisteminin qeyri-sabitliyi ilə bağlı bəzi təyyarə növlərinə, o cümlədən E2 ailəsinə təsir edən hesabatlar barədə məlumat alıb. Embraer , operatorlar və avadanlıq istehsalçısı ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izlədiyini, eyni zamanda müştərilərə texniki dəstək verdiyini və problemi həll etmək üçün lazımi addımlar atdığını qeyd edib. Təyyarə istehsalçısı verdiyi açıqlamada, bu hadisə aviaşirkətlərin əməliyyat cədvəllərinə təsir edə bilsə də, uçuş təhlükəsizliyinə heç bir təsirinin olmadığını əlavə edib. Embraer bildirib ki, qlobal E2 donanması GPS sisteminin qeyri-sabitliyi şəraitində belə təyyarələrin fəaliyyət göstərməsinə imkan verən naviqasiya sistemləri və prosedurları ilə təchiz olunub. Təsirə məruz qalan təyyarələrdə avadanlıqları quraşdırılmış Honeywell Aerospace şirkəti, GPS siqnallarının qəbulu ilə bağlı qlobal miqyasda təyyarələrə təsir edən bir problemdən xəbərdar olduğunu və komandalarının əsas səbəbi müəyyən etmək üçün məsələni fəal şəkildə qiymətləndirdiyini bildirib. Braziliyanın aviaşirkəti Azul ayrı bir açıqlamada qeyri-sabitliyin E2 donanmasının fəaliyyətinə təsir etdiyini bildirib. Azul , marşrut şəbəkəsində və müəyyən uçuşların cədvəllərində düzəlişlərə səbəb ola biləcək əməliyyat tədbirləri həyata keçirdiyini qeyd edib.