48 saatlıq güclü yağış Taylandın paytaxtı Banquokda yolları su altında qoyduqdan sonra şəhərdə daşqın fəlakəti elan edilib. İnsanlara evdə qalmaları, şəhərin kanal şəbəkəsinə yaxın yaşayanlara isə əşyalarını yuxarı mərtəbələrə qaldırmaları tövsiyə olunub. İlin bu vaxtı Taylandda tufanlar adi hal olsa da, son günlərdəki ekstremal hava Banquokun drenaj sistemini iflic edərək, onsuz da tıxaclı yollarda nəqliyyat xaosu yaradıb. Yağışların bazar gününə qədər davam edəcəyi gözlənilir ki, bu da daha çox kanalın daşma ehtimalını artırır. Banquokun mərkəzindən şimalda, kanal yaxınlığında yaşayan 67 yaşlı Somkid Pheuk-ngam AFP xəbər agentliyinə bildirib: "Su gəlməyə davam edir. İndi çölə çıxmaq çətindir. Su indi belimə qədərdir. Heç yerə gedə bilmirəm." "İki gündür ki, dükanımı bağlamışam." O, şəhərdəki su səviyyəsinin 2011-ci ildə Banquokun ölkə miqyasında daşqınlardan zərər çəkdiyi vaxtdan daha pis göründüyünü deyib. Həmin vaxt Taylandda üç ay davam edən ekstremal hava hadisəsi nəticəsində yüzlərlə insan həlak olmuşdu. Bu son daşqınlarda Banquokda hələlik heç bir tələfat qeydə alınmayıb. Tayland Meteorologiya Xidməti həftə boyu daha çox güclü yağış proqnozlaşdırsa da, son günlərdəki leysanlara səbəb olan aşağı təzyiq sahəsinin Taylandın mərkəzi hissəsinə doğru hərəkət edəcəyi gözlənilir.