Kubanın xarici işlər naziri Bruno Rodriges Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMT BA) çıxışı zamanı ABŞ-ın ölkəsinə qarşı neft blokadasını “humanitar böhran yaratmaq məqsədi daşıyan kollektiv cəza aktı” adlandıraraq pisləyib. Onun şənbə günü verdiyi şərhlər Vaşinqton və Havana arasında gərginliyin yüksək olduğu bir vaxta təsadüf edir. ABŞ Prezidenti Donald Tramp isə iki ölkənin razılığa gələcəyini proqnozlaşdırıb və hərbi əməliyyatlara ehtiyac qalmayacağına inandığını bildirib. Tramp şənbə günü Ağ Evdə jurnalistlərə deyib: “Deyərdim ki, Kuba və biz razılığa gələcəyik. Hərbçilərə ehtiyac qalacağını düşünmürəm.” “ Kuba çox pis vəziyyətdədir. Biz Kubaya kömək etmək istəyirik.” Rodriges BMT BA-dakı çıxışında Havanın danışıqlara açıq qaldığını bildirib. O deyib: “Biz Amerika Birləşmiş Ştatları hökuməti ilə aramızdakı müxtəlif ikitərəfli fikir ayrılıqlarına həll yolları tapmaq üçün həmişə dialoqa hazır olmuşuq və həmişə də hazır olacağıq.” O əlavə edib ki, danışıqlar “suveren bərabərlik” əsasında və “heç bir ilkin şərt olmadan” aparılmalıdır. Rodriges həmçinin ABŞ-ın hərbi əməliyyat ehtimalına toxunaraq, bunun böyük dağıntılara səbəb olacağını bildirib. O deyib: “Ümid edək ki, bu heç vaxt baş verməz.” Bu həftənin əvvəlində Tramp öz BMT çıxışında Kubanı “tamamilə iflasa uğramış dövlət” adlandırmış və adaya “azadlığın gələcəyini” bildirmişdi. Kubanın nümayəndə heyəti çıxış zamanı zalı tərk etmişdi. ABŞ Kubaya qarşı 60 ildən artıqdır ki, iqtisadi embarqo tətbiq edir. Tramp administrasiyası daha əvvəl Kubanın hökumətində dəyişiklik istədiyini bildirmişdi. Bu ilin əvvəlindən ABŞ əlavə olaraq neft blokadası tətbiq edib ki, bu da ölkəni ciddi təzyiq altına salıb, yanacaq qıtlığı və davamlı elektrik kəsilmələri ilə üzləşməsinə səbəb olub. Kuba rəsmiləri bunu əhalinin qida və digər əsas ehtiyaclarının təmin edilməsindəki problemlərlə də əlaqələndiriblər. Bu tədbirlər Braziliya , Meksika və Pakistan kimi ölkələrin tənqidinə səbəb olub. Həmin ölkələr embarqonun və yeni neft blokadasının dayandırılmasına çağıraraq Kubaya qarşı birtərəfli iqtisadi məhdudiyyətlərə qarşı çıxıblar. 1992-ci ildən bəri BMT Baş Assambleyası hər il ABŞ-ın Kubaya qarşı iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulması çağırışını əks etdirən qətnaməni böyük səs çoxluğu ilə dəstəkləyir.