Şimali Koreya pilotsuz sistemləri ənənəvi silahlarla birləşdirən sürü hücumları təlimlərinə başlayıb. Bu taktika artıq Ukrayna və Yaxın Şərqdə istifadə olunur və ABŞ ilə müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri üçün çətinlik yarada bilər. Bu ay ilk dəfə olaraq, Şimali Koreya hücum dronları, nüvə başlıqlı raketlər, reaktivlər və uzaqmənzilli artilleriyanı birləşdirərək bir hədəfi məhv etmək üçün təlim keçirib. Ölkənin dövlət mediası bildirib ki, təlim silah sistemləri arasında inteqrasiyanı təkmilləşdirmək və "düşmənin silahlı qüvvələrini təşkilati və struktur cəhətdən məhv edə biləcək" "konsentrasiyalı atəşi" inkişaf etdirmək məqsədi daşıyırdı. Daha sonra sentyabrın 20-də Pxenyan iki ədəd hipersəs raketi atdığını bildirdi. Səsin sürətindən ən azı beş dəfə sürətlə uçmaq üçün nəzərdə tutulmuş bu raketlər sürətləri və uçuş zamanı istiqamət dəyişdirmə qabiliyyətləri sayəsində hava hücumundan müdafiə sistemlərini dəf edə bilər. Sınağa nəzarət edən lider Kim Çen In raketlərin "ultramüasir" texnologiyanı təmsil etdiyini söylədi. Cümə axşamı isə Şimali Koreya dövlət mediası yenilənmiş 240 mm -lik çoxsaylı reaktiv yaylım atəşi sistemləri üçün pilotsuz "dəqiq" idarəetmə ilə mərmilərin sınaq atışları barədə məlumat verdi. Dronlar və raketlərlə zəngin olan çoxölçülü hücum Ukrayna müharibəsində daimi bir hal almış və İran münaqişəsində daha tez-tez baş verir. Bu cür birləşmiş hücumlar, gələn mərmiləri vurmaq üçün bahalı tutuculara güvənən Qərb hava hücumundan müdafiə sistemlərində zəifliyi ortaya qoyur. Carnegie Endowment for International Peace -in baş elmi işçisi Ankit Panda bildirib ki, salvo, doyma və ya dəqiq-kütləvi hücumlar kimi də adlandırılan sürü taktikaları, mürəkkəb müdafiə sistemlərinə malik rəqibi üstələyə bilər. Panda dedi: "Bu, hava hücumundan müdafiə hesablamalarını xeyli dəyişir." Mərmi yüklü hücumları həyata keçirmək logistik cəhətdən çətindir, çünki onlar müxtəlif sürətlə hərəkət edən silahların zərbələrini koordinasiya edə bilən inteqrasiya olunmuş sistemlər tələb edir. Bu, xüsusilə bütün sahələrdə yüksək səviyyəli avadanlıqlara malik olmayan, nağd pul çatışmazlığı yaşayan Şimali Koreya üçün daha çətindir...