Latviya Azərbaycan mənşəli pomidorların idxalında maraqlıdır. "Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında bildirib. Onun sözlərinə görə, logistik çətinliklərə baxmayaraq, coğrafi məsafə əhəmiyyətli problem kimi qiymətləndirilmir: "Hazırda biz əsas etibarilə İspaniyadan, daha dəqiq desək, Əndelusiya bölgəsindən pomidor gətiririk. Halbuki bu məsafə təqribən 3 900 kilometr təşkil edir. Bakı ilə Riqa arasındakı məsafə isə təqribən 3 200 kilometrdir. Bu da sübut edir ki, Azərbaycandan yüksək keyfiyyətli meyvə və tərəvəzlərin Latviyaya çatdırılması tamamilə realdır". Nazir vurğulayıb ki, Azərbaycan məhsulları, əsasən tərəvəz və meyvələr öz keyfiyyəti ilə fərqlənir və perspektivdə bu məhsulların Latviya bazarında təmsil olunması ehtimalı mövcuddur. A. Krauzen qeyd edib ki, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi hər iki dövlət arasında aqrar ticarətin genişlənməsinə müsbət təsir göstərə bilər.