Ukraynanın ən güclü Avropa tərəfdarlarından biri olan Almaniya kansleri Fridrix Merz bu səhər Kiyevə elan olunmamış səfər edib. Bu səfər Rusiya qüvvələrinin Ukrayna paytaxtına zərbələrini davam etdirdiyi bir vaxta təsadüf edir. Merzin gəlişindən qısa müddət sonra Rusiya şəhərin Şimal körpüsünü vurub. Bu körpü Merzin gəldiyi mərkəzi dəmir yolu stansiyasından cəmi 20 dəqiqəlik məsafədə yerləşir. Hadisə nəticəsində şəhərdə siren səsləri eşidilib və Dnepr çayı üzərindəki körpüdən hələ də tüstü qalxdığı müşahidə olunur. Dünən də Rusiya dronları başqa bir körpüyə zərbə endirərək xəsarətlərə səbəb olmuşdu. Kreml bu il paytaxta hücumları artırıb və ukraynalılar çətin qış ərəfəsində növbəti payız hücumuna hazırlaşdıqlarını bildirirlər. Merz özünün X sosial şəbəkəsindəki hesabında yazıb: “Ukrayna həlledici həftələrlə üz-üzədir. Buna görə də mən bu gün Kiyevə “bizə güvənə bilərsiniz” mesajı ilə səfər etdim”. Bu səfər Almaniyanın Ukraynaya davamlı dəstəyinin göstəricisi kimi qiymətləndirilir. Səfər çərçivəsində Fridrix Merz özü ilə bir neçə Almaniya müdafiə sənayesi istehsalçısını da gətirib. Onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir. Bu görüşlərdə Ukraynanın müdafiə ehtiyacları və Almaniyanın bu sahədə verə biləcəyi əlavə dəstək məsələlərinin müzakirə olunacağı ehtimal edilir. Almaniya Ukraynanın Avropadakı ən böyük tərəfdaşlarından biri olaraq, müharibənin əvvəlindən bəri Kiyevə həm hərbi yardım , həm də humanitar dəstək göstərir.