ABŞ Sahil Mühafizəsi Massaçusets ştatının Nantuçket adası sahillərində qəzaya uğrayan tibbi nəqliyyat təyyarəsində olan altı nəfərin axtarışını dayandırıb. Sahil Mühafizəsinin Şimal-Şərq Dairəsinin komandiri kontr-admiral Metyu Leyk bazar günü verdiyi açıqlamada deyib: “Axtarışı dayandırmaq asan qərar deyil. Biz faciədən zərər çəkmiş ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı verir, axtarış işlərinə dəstək verən tərəfdaş agentliklərimizə minnətdarlığımızı bildiririk”. Sahil Mühafizəsi bildirib ki, şənbə günü gecə Bermuda dan Bostona uçan Gulfstream təyyarəsinin qalıqlarını tapdıqdan sonra bazar günü sərnişinləri və heyəti təyyarələr və su nəqliyyatı vasitələri ilə axtarıb.