[P1] Çərşənbə günü Yaxın Şərqdə İranın dəstəklədiyi husilər və Səudiyyə Ərəbistanı arasında gərginliyin artması tədarük pozuntuları ilə bağlı narahatlıqlar fonunda neftin qiymətləri yüksəlib. [P2] Beynəlxalq etalon Brent markalı neftin dekabr fyuçersləri 1,24% bahalaşaraq 107,02 dollar/barel təşkil edib. ABŞ West Texas Intermediate neftinin noyabr fyuçersləri isə 1,18% artaraq 95,25 dollar/barel olub. [P3] Səudiyyə Ərəbistanı və İranın dəstəklədiyi husilər arasında döyüşlər, Tehranın dəstəklədiyi Yəməndəki husilərin Riyadın əsas hava limanına ölümcül hücumundan sonra daha da gərginləşib. [P4] Al Jazeera-nın məlumatına görə, husilərin Yəməndəki enerji terminalları və yanacaq ehtiyatları Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən vurulub, baxmayaraq ki, sözçü “mülki əhaliyə zərər verməmək üçün ehtiyat tədbirləri görüldüyünü” bildirib. [P5] Bu arada, ABŞ və İran arasında da gərginlik davam edib. [P6] ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) , İran İslam İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin komandanının Hörmüz boğazının İranın nəzarətində olduğu və yaxınlaşan ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin “batırılacağı” iddialarını rədd edib. [P7] CENTCOM X (Twitter) paylaşımında “ RGC-nin hərbi dəniz komandanının donanması yoxdur” deyərək əlavə edib ki, “ Amerika qüvvələri və regional tərəfdaşlar Hörmüz boğazına açıq şəkildə nəzarət edirlər”. [P8] Hedge-fond meneceri və tanınmış əmtəə treyderi Paul Tudor Jones CNBC-nin “Squawk Box” proqramında bildirib ki, İran münaqişəsi səbəbindən neft daha 20-25 dollar bahalaşa bilər. [P9] Tudor Investment-in təsisçisi və baş investisiya direktoru deyib: “Mən neftdə uzun mövqedəyəm... neftdə yüksəliş gözləyirəm... Düşünürəm ki, o, daha 20 və ya 25 dollar bahalaşa bilər”. [P10] O əlavə edib: “Əgər vəziyyəti yaxşılaşdırmaq üçün nəsə baş verəcəkdisə, bu, aralıq seçkilərdən əvvəl artıq baş vermiş olardı”.