Vyetnam hökuməti və Norveç hökumətinin bazar günü verdiyi açıqlamalara görə, Vyetnam Norveç , İsveçrə , İslandiya və Lixtenşteyn ilə azad ticarət sazişi imzalayıb. Vyetnamın ticarət nazirliyi bu sazişin Hanoyda Avropa Azad Ticarət Assosiasiyası (EFTA) üzvləri ilə imzalandığını bildirib. Norveç hökumətinin bəyanatına əsasən, saziş qüvvəyə mindikdən sonra Norveçin Vyetnama ixracatının təxminən yarısı tariflərdən azad olunacaq. Yeddi il ərzində isə bu göstərici 98%-dən çox olacaq. Uzun müddət dayandırılmış azad ticarət danışıqları, ABŞ tarifləri ilə bağlı qlobal gərginliklər fonunda keçən il yenidən başlamışdı və danışıqlar bu ilin iyul ayında başa çatmışdı. Vyetnamın ticarət nazirliyi qeyd edib ki, bu Cənub-Şərqi Asiya ölkəsi əsasən dəniz məhsulları, ayaqqabı, tekstil məhsulları, maşın və avadanlıqlar, elektronika və komponentləri EFTA bazarına ixrac edir. Əvəzində isə sənaye maşın və avadanlıqları, kimyəvi maddələr, əczaçılıq məhsulları və istehsal üçün xammal idxal edir. Nazirlik tərəfindən verilən məlumata görə, Vyetnam və EFTA üzv ölkələri arasında ikitərəfli ticarət dövriyyəsi illik orta hesabla 2 milyard ABŞ dolları təşkil edir. Bu sazişin tərəflər arasında ticarət əlaqələrini daha da genişləndirəcəyi gözlənilir. Mənbələr: www.usnews.com