Fransa Prezidenti Emmanuel Makron bazar günü yaşayış xərcləri ilə bağlı etirazlar zamanı Fransa şəhərlərini talan edən və vandalizm törədən “müxalifləri” pisləyərək, bu səhnələri “şokedici” adlandırıb. Makron xalqa televiziya ilə müraciətində deyib: “Bu görüntülərə baxarkən hamımız özümüzə sual verdik: onların ağlından nə keçirdi? Fransızlar Fransaya bunu necə edə bilər? Heç nə bunu əsaslandırmır, heç nə bunu izah etmir, heç nə buna bəraət qazandırmır. Bu gecə hamımız qəzəb və utanc hissi keçiririk.” Son altı ayı artan siyasi, fiskal və sosial təzyiqlərlə keçən Makron , talan və zorakılıqla müşayiət olunan etirazlardan əvvəl kəşfiyyat məlumatlarının toplanmasında və ya polisin hazırlığında çatışmazlıqların olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılmasını əmr etdiyini bildirib. O, prefektlərə və merlərə zəruri hallarda müəyyən toplantıları qadağan etmək səlahiyyəti veriləcəyini qeyd edib. Makron , həmçinin, hökumətdən bu həftə tələbələri, müəllimləri, qanunvericiləri, həmkarlar ittifaqı nümayəndələrini və biznes liderlərini bir araya gətirərək böhranı həll etmək üçün “konkret təkliflər” hazırlamağı xahiş etdiyini bildirib, lakin əlavə təfərrüatlar verməyib. O deyib: “Biz masanın ətrafında oturmalı və birlikdə həll yolları tapmalıyıq.”