Səudiyyə Ərəbistanının Saudi Aramco şirkətinə məxsus Şayba neft yatağına pilotsuz uçuş aparatı ilə edilən hücum enerji təchizatında yaranacaq fasilələr barədə narahatlıqları artırdıqdan sonra cümə axşamı neft qiymətləri 2%-dən çox bahalaşıb. Beynəlxalq etalon Brent markalı neftin bir bareli Bakı vaxtı ilə saat 06:00-a olan məlumata görə 2,4% bahalaşaraq 111,40 dollara satılıb, ABŞ etalonu West Texas Intermediate (WTI) isə 2,22% artaraq bir bareli 99,30 dollara çatıb. İki nəfərin ölümü ilə nəticələnən hücum Yaxın Şərqdə enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirərək neft qiymətlərinin əvvəlki itkilərdən qurtulmasına kömək edib. ABŞ həmçinin bəzi personal və ailə üzvlərinə Səudiyyə Ərəbistanındakı diplomatik missiyalarını tərk etməyi əmr edib ki, bu da regional gərginliklə bağlı narahatlıqları artırıb. Bu arada, bu həftə Rusiya neft infrastrukturunu hədəf alan genişmiqyaslı Ukrayna pilotsuz uçuş aparatı hücumları təchizat perspektivini daha da qeyri-müəyyən edib. Hücumlar Moskvanın ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunan razılaşma çərçivəsində dizel ixracını genişləndirməyə çalışdığı bir vaxta təsadüf edib. Lakin Yaxın Şərqdən xam neft tədarükünün artması qiymət artımlarını məhdudlaşdıra bilər, çünki ixrac axınları müharibədən əvvəlki səviyyələrə yaxınlaşır. Səudiyyə Ərəbistanının xam neft ixracı avqust ayında 7,9% artaraq mart ayından bəri ən yüksək səviyyəyə çatıb, Rusiya isə cümə axşamı ABŞ-a ilk dizel tədarükünü həyata keçirməyi planlaşdırırdı.