Kreml cümə günü bildirib ki, bu ayın əvvəlində Moskva və Vaşinqton arasında əldə olunan razılaşma çərçivəsində Rusiya dizel yanacağı daşıyan “ilk tanker” “təyinat yerinə” yola düşüb. Kreml sözçüsü Dmitri Peskov mətbuat brifinqi zamanı jurnalistlərə deyib: “Başa düşdüyümə görə, Energetika Nazirliyindən artıq məlumatlar var ki, ilk tanker, əslində, təyinat yerinə – alıcılarına doğru yoldadır. Və bundan sonra bu göndərişlər müntəzəm əsasda davam edəcək”. Peskovun bu açıqlamaları Rusiya Baş nazirinin müavini Aleksandr Novakın Rusiya və ABŞ -ın dizel yanacağı tədarükü üçün müqavilələri yekunlaşdırdığını və ilk tankerin cümə axşamı ABŞ -a yola düşməsinin planlaşdırıldığını bildirməsindən iki gün sonra verilib. Novakın sözlərinə görə, tanker ABŞ üçün 40 000 ton Rusiya dizeli daşıyacaq, əlavə göndərişlərin də olacağını və Moskvanın ABŞ -ın tələbatını mövcud tədarük imkanları daxilində ödəyəcəyini bildirib. Bu ayın əvvəlində ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra dizel tədarükü müqaviləsini açıqlayıb. Bu müqaviləyə əsasən, Moskva ABŞ və qlobal bazarlara 300 000 tondan çox dizel yanacağı “dərhal tədarük etməyə” razılaşıb. Trampın sözlərinə görə, Rusiya noyabr ayında əlavə 500 000 ton dizel yanacağı , “dərhal sonra” isə 1 milyon ton tədarük edəcək. O bildirib ki, Rusiya dizel emalı zavodlarının vəziyyətindən asılı olaraq, əlavə 3 milyon ton “qısa müddət ərzində” çatdırılacaq. Putin deyib ki, Rusiya dizelinin ABŞ və qlobal bazarlara tədarükü dünya iqtisadiyyatına fayda verəcək, Ukrayna Prezidenti Volodimir Zelenski isə razılaşmanı tənqid edərək, Rusiya dizel ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasının onun müharibə səylərini maliyyələşdirməyə kömək edə biləcəyi barədə xəbərdarlıq edib.