2025-ci ildə "Kapital Bank" ASC 50 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. "Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib. Onun sözlərinə görə, bu, rəhbərlik etdiyi maliyyə qurumunun tarixində ilk sindikatlaşdırılmış kredit sazişi olub: "Körfəz regionunun aparıcı bankı olan "Mashreq Bank"la əməkdaşlıq çərçivəsində "Kapital Bank"a 50 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. "Uzum" ekosisteminə daxil olan "MAKESENSE" şirkətinə 22 milyon ABŞ dolları məbləğində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla "Kapital Bank"ın tarixində ilk dəfə beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb". Bundan başqa, F.Hüseynov deyib ki, Banka məxsus "Birbank Invest" 9 ay ərzində 25 000 000 ABŞ dolları vəsaiti dövriyyə edib: "Bu gün ən dəyərli vəsait hərəkətdə olan, böyüyən və gələcəyə yatırılan vəsaitdir. Biz bu fəlsəfəni rəhbər tutaraq, ötən il "Birbank" brendlərinə tamamilə yeni bir nəfəs gətirdik və "Birbank Invest"i ictimaiyyətə təqdim etdik. "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə birgə ərsəyə gətirdiyimiz bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir, həm peşəkarlar, həm də ilk dəfə investisiya dünyasına addım atanlar üçün böyük imkanlar qapısıdır. Biz investisiya mühitini o qədər sadələşdirdik və əlçatan etdik ki, artıq rəqəmlər də öz sözünü deyir. Bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür. İstifadəçilərimiz ABŞ-nin aparıcı şirkətləri və Birja Fondları (ETF) da daxil olmaqla 12 000-dən çox maliyyə alətindən faydalana bilirlər. Bütün bunlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 000 dollara qədər sığorta və yüksək təhlükəsizlik standartları ilə baş verir. Çox qısa zaman keçsə də, artıq 100 000-ə yaxın istifadəçimizin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarından çox olması göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi". Həmçinin, onun sözlərinə görə, bu gün "Birbank" mobil tətbiqinə ünvanlanan müraciətlərin 70 %-i süni intellektlə cavablandırılır: "Ötən il "Birbank" çatına ünvanlanan müştəri sorğularının emalı 40 %-dən 70 %-ə yüksəlib. Bu artım müştərilərin məmnuniyyət nəticələrinin də 75 %-ə yüksəlməsinə səbəb olub. Yeni nəsil "AI-agent" əsaslı çat həllərimiz vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir. Rəqəmsallaşma trendini daxili əməliyyatlarımızda da tətbiq edirik. Nümunə olaraq desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departament üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb".