Qərbi Balkan ölkələri Avropa İttifaqına (Aİ) üzvlük prosesinə siyasi sadiqliklərini qətiyyətlə təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, bu barədə 11-ci Delfi İqtisadi Forumunda qəbul edilmiş Qərbi Balkanların Avropa inteqrasiyasına dair bəyannamədə deyilir. Bəyannamədə Qərbi Balkan ölkələri Brüsseli bu dövlətləri Avropa İttifaqına üzvlük prosesini sürətləndirməyə çağırıb. "Biz Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasının Avropa təhlükəsizliyi üçün strateji imperativ kimi vacibliyini vurğulayırıq. Bu kontekstdə biz Aİ-nin genişlənmə prosesinə və Qərbi Balkanların birliyə inteqrasiyasına yenidən diqqət yetirməsini regionumuzda və qitəmizdə sülh, təhlükəsizlik, sabitlik və rifaha geostrateji investisiya kimi alqışlayırıq", - bəyanatda vurğulanıb. Hibrid təhdidlər və dezinformasiya kampaniyaları ilə mübarizədə Aİ-nin Qərbi Balkan tərəfdaşlarına effektiv inteqrasiyasının və hiss olunacaq dəstəyinin zəruriliyinə diqqət çəkilən bəyannamədə Aİ qanunvericiliyinə, o cümlədən ittifaqın ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğun vacibliyi qabardılıb. Bəyanatda həmçinin Aİ və Qərbi Balkan ölkələri arasında ticarət prosedurlarının daha da sadələşdirilməsi çağırışı edilib.