Azərbaycanda maliyyə xidmətlərinə çıxışla bağlı vəziyyət yaxşıdır. "Report" xəbər verir ki, bunu Dünya Bankının Baş Ölkə İqtisadçısı Steve Loris Gui-Dibi bildirib. Onun sözlərinə görə, bu sahədə müsbət tendensiya görünür: "Azərbaycan tənzimləyici çərçivə üzrə 87 balla ön sıralara yaxındır, həmçinin bu xidmətlərə çıxışda da (istər kredit məlumatları, istərsə də borcalanlar haqqında məlumatlara çıxış və s. olsun) vəziyyət yaxşıdır". İqtisadçı qeyd edib ki, Azərbaycan biznes tənzimləmələri (tənzimləyici çərçivə) baxımından ilk 40 %-lik, əməliyyat səmərəliliyi baxımından isə ilk 60 %-lik qrupdadır: "Əməliyyat səmərəliliyi ümumilikdə xərclərin nə qədər olduğunu ifadə edir. Lakin mərhələ-mərhələ - girişdən biznesin iflasına qədər böldükdə görürük ki, potensial inkişaf üçün bəzi sahələrimiz var: bazar rəqabəti və biznesin iflası sahələrində bal 50 %-dən xeyli aşağıdır və Azərbaycanın burada təkmilləşməyə ehtiyacı var".