Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ödənişi Rusiyadan Kiyevə çatacaq təzminatlar hesabına həyata keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb. Aİ Şurası 2025-ci ilin dekabrında şura tərəfindən razılaşdırılmış bu kreditin verilmə şərtlərini müəyyən edən sonuncu əsas qanunvericilik aktını qəbul edib. Bunun Avropa Komissiyasına ödənişlərə artıq 2026-cı ilin ikinci rübündə başlamağa imkan verəcəyi gözlənilir. Vəsaitlər Ukraynanın ən təxirəsalınmaz büdcə ehtiyaclarının qarşılanmasına, həmçinin 2026-2027-ci illərdə müdafiə-sənaye potensialının inkişafına yönəldiləcək. Qeyd olunub ki, maliyyələşmə qanunun aliliyinin təmin edilməsi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla, sərt şərtlərə əməl edildiyi təqdirdə təqdim ediləcək. Kredit Aİ-nin kapital bazarlarındakı borclanmaları hesabına maliyyələşdiriləcək və birliyin büdcə ehtiyatları ilə təmin ediləcək.