Kulevi limanı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilməyib - Brüssel Gürcüstanın və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - limanın operatoru) Rusiya neftinə dair məhdudiyyətlərə riayət etmək öhdəliklərini qəbul edib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə Aİ-nin yüksək vəzifəli nümayəndəsi təsdiqləyib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti və SOCAR Aİ-ni əmin ediblər ki, sanksiyalar altında olan gəmilərə xidmət göstərməyəcək, həmçinin Rusiya neftindən istehsal olunan neft məhsullarının Aİ-yə tədarükünə qoyulan qadağaya riayət olunmasını təmin edəcəklər. "Nail olmaq istədiyimiz hər şeyi öhdəliklər şəklində əldə etdik və fikrimizcə, bu, sanksiyalar siyahısına daxil edilməkdən daha səmərəli yanaşmadır", - Aİ nümayəndəsi bildirib. O əlavə edib ki, Aİ bu zəmanətlərin yerinə yetirilməsini diqqətlə izləyəcək. Brüsseldə qeyd ediblər ki, bu hal daha geniş tendensiyanı əks etdirir: üçüncü ölkələr və infrastruktur operatorları Aİ-nin sanksiya rejimini pozmamağa çalışır və əməkdaşlığa hazır olduqlarını nümayiş etdirirlər. Daha əvvəl Kulevinin sanksiyalar paketinə daxil edilməsi imkanı müzakirə olunurdu, lakin diplomatik məsləhətləşmələrdən sonra bu addımdan imtina edilib.