İspaniyanın "Real" klubunun zədəli müdafiəçisi Eder Militao DÇ-2026-nın final mərhələsinə qədər bərpa oluna biləcək. "Report" ESPN-ə istinadən xəbər verir ki, Braziliya millisinin 28 yaşlı üzvü əlavə tibbi müayinələrdən keçəcək. Daha əvvəl Madrid təmsilçisi oyunçunun sol ayağının bud nahiyəsindən zədə aldığını açıqlayıb. Braziliya seçməsi mayın 31-də Panama, iyunun 7-də isə Misir komandası ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Cənubi Amerika təmsilçisi dünya çempionatının qrup mərhələsində ilk oyununu iyunun 14-də Mərakeş yığmasına qarşı keçirəcək. Qeyd edək ki, E.Militao Braziliya millisinin heyətində meydana çıxdığı 38 matçda iki qol vurub. Bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.