Rusiyanın müdafiə naziri Andrei Belousov Şimali Koreyaya gəlib. Bu barədə bazar günü Rusiyanın müdafiə nazirliyi məlumat verib. Bu, son günlər Pxenyanı ziyarət edən ikinci yüksək rütbəli Rusiya rəsmisidir. Daha əvvəl Şimali Koreyanın dövlət mediası KCNA xəbər vermişdi ki, Rusiyanın Dövlət Duması sədrinin müavini Vyacheslav Volodin də Pxenyana gəlib və Ukrayna müharibəsində həlak olan Şimali Koreya əsgərləri üçün yeni tikilmiş xatirə kompleksinin açılış mərasimində iştirak edəcək. Rusiyanın müdafiə nazirliyinin bildirdiyinə görə, Belousov Şimali Koreyanın yüksək rəhbərliyi və yüksək rütbəli hərbi rəsmiləri ilə danışıqlar aparacaq və “təntənəli və xatirə tədbirlərində” iştirak edəcək. Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin xatirə kompleksinin açılışı münasibətilə Şimali Koreya lideri Kim Çen Ina teleqram göndərib. Putin , Kimə və Şimali Koreya əsgərlərinə Rusiyanın qərbdəki Kursk vilayətinə böyük Ukrayna hücumunu dəf etməyə kömək etdikləri üçün təşəkkür edib və iki ölkənin strateji tərəfdaşlığını gücləndirməyə davam edəcəyinə əmin olduğunu bildirib. Kim və Putin 2024-cü ilin iyununda görüşərək qarşılıqlı müdafiə paktını əhatə edən hərtərəfli strateji müqavilə imzalamışdılar. İki ölkə 2023-cü ildən bəri diplomatik və hərbi əlaqələri sürətlə inkişaf etdirib.